Sahibkarların NƏZƏRİNƏ: Müddət bir il də artırıldı - AÇIQLAMA | Banco.az

Sahibkarların NƏZƏRİNƏ: Müddət bir il də artırıldı - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Hələ 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilmişdi.

Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırıldı.

Daha sonra bu qərar ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün stimul olduğundan 2023-cü ilə qədər uzadıldı.

Məsələyə münasibət bildirən deputat Vüqar Bayramov bildirir ki, gələn il də sahibkarlıq subyektlərinin yoxlanmasının minimumlaşdırılması, xüsusən də bölgələrdə sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin tamamilə aradan qaldırılması prioritet olaraq qalacaq:

“Müəyyən yoxlamalar istisna olunmaqla digər bütün yoxlamalar 2024-cü ildə də dayandırılacaq. Bu müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər”.

Vüqar Bayramov qeyd edib ki, yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək.

2018-ci il yanvarına olan statistikasına görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 795 minə çatıb.

Banco.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən bildirir ki, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (29,6 faiz), Aran (20,9 faiz), Gəncə-Qazax (14 faiz) və Lənkəran (10,1 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 78,5 faizini kişilər, 21,5 faizi qadınlar olub.

2023-cü ilin aprel ayının 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 248 min 929 nəfər təşkil edib.2022-ci ilin müvafiq dövrü ilə müqayisədə fərdi sahibkarların sayı 4,5% və ya 53 min 748 nəfər artıb.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,2%), Lənkəran-Astara (10,2%), Qazax-Tovuz (7,7%) və Mərkəzi Aran (6,9%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Cari ilin oktyabrın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 300 mini ötüb.

Fərdi sahibkarların 77,4 faizini kişilər, 22,6 faizini isə qadınlar təşkil edib. Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 34,5 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 25,2 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 21,3 faizini təşkil edir. Sahibkar qadınların 28,9 faizi Bakıda, 10,3 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (27,5 faiz), Gəncə-Daşkəsən (25,7 faiz), Naxçıvan Muxtar Respublikası (25,0 faiz), Bakı (24,3 faiz), Lənkəran-Astara (22,7 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram