Sahibkarlara 123 mln. manat kredit verilib | Banco.az

Sahibkarlara 123 mln. manat kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu gün bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum Samux rayonunda keçirilib. 90-a yaxın sahibkarın iştirak etdiyi forumda Samux rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan iri taxılçılıq, kartofçuluq, üzümçülük, cins heyvandarlıq və istixana təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Ən sərfəli kredit üçün müraciət et

SKMF-in icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, bu il ərzində fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1 863 investisiya layihəsinin maliyyələşdirilməsinə 123 mln. manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 5800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 223,7 mln. manat güzəştli kredit verilib.

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Samux və ətraf rayonlarda fəaliyyət göstərən 53 sahibkara 646 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, arıçılıq, tərəvəzçilik, üzümçülük, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək və 60-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək

Mənbə - APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et