“Şahdəniz” yatağından qaz hasilatı 68% artıb | Banco.az

“Şahdəniz” yatağından qaz hasilatı 68% artıb

Bu ilin 6 ayı ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından - “Alfa” və “Bravo” platformalarından birlikdə 8,4 mlrd kubmetr qaz və təqribən, 2 mln ton (14,4 mln barel) kondensat hasil edilib.

Bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı hesabatda qeyd edilib.

Bu ilin yarım ili ərzində “Şahdəniz” yatağından hasil edilən qazın həcmi ötən ilin müvafiq dövründən 3,4 mlrd kubmetr və ya 68%, kondensatın həcmi isə 0,9 mln ton və ya 81,8% çoxdur.

Bildirilib ki, ötən ilin iyul ayının sonunda “Bravo” platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 mln (ildə təqribən 20 mlrd) kubmetrdir.

2019-cu ilin birinci yarısında “Alfa” platformasından quyu qazılmayıb, qazma qurğusunda profilaktik işlər aparılıb. “İstiqlal” qazma qurğusu şərq cinahda bir sualtı quyu, qərb cinahda isə iki sualtı quyu tamamlayıb və hazırda şərq cinahın şimal hissəsində eyni əməliyyatları həyata keçirir. “Maersk Explorer” qurğusu şimal cinahında bir quyunu tam dərinliyinədək, digər bir quyu lüləsinin isə üst intervalını qazmış və sonra iki quyunun üst intervalını qazmaq üçün qərb cinahına keçib.

“Bu iki qurğu “Şahdəniz 2” hasilatı və sonrakı tədrici artım üçün artıq, ümumilikdə, 16 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu və şərq-cənub cinahında da dörd quyu və qərb cinahın cənub hissəsində iki quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Report.az