Müəllif - Aida İsaq, Banco.az
"TikTok"un Rusiya ofisinin əməkdaşlarına üç ölkədən birini seçərək köçmək təklif edilib. Banco.az xəbər verir ki, sözügedən ölkələr Qazaxıstan, Ermənistan və Qırğızıstandır. Şirkət Rusiyada qismən səfərbərlik elan edildikdən sonra bu qərara gəlib.
Məlumata görə, Ukraynadakı hərbi əməliyyatlara qədər Rusiya nümayəndəliyi 200-300 əməkdaşla çalışırdı. Ancaq onların hamısı fiziki cəhətdən ölkədə fəaliyyət göstərmirdi. Hazırda isə hər üç işçidən biri fərqli ölkədədir. Bundan başqa daşınma əsnasında bütün nəqliyyat və mənzil xərclərinin işçilərin özləri tərəfindən qarşılanmağı təklif olunub.
Rəsmi olaraq şirkət bu barədə ünvanlanan sualları cavablandırmayıb. Oktyabrın 26-da "TikTok"un Şərqi Avropada qlobal biznes həllərinin rəhbəri Anastasiya Panina Qazaxıstanda yeni ofis açıldığını elan edib.
Qeyd edək ki, mart ayında "TikTok" sosial şəbəkəsi Rusiyada saxtakarlıq haqqında qanunun qəbulundan sonra fəaliyyətini dayandırdığını elan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!