Müəllif - Aida İsaq, Banco.az
2022-ci ilin iyul ayında İtaliya Avropa İttifaqında Rusiya məhsullarının əsas idxalçısı olub.
Banco.az xəbər verir ki, ölkə 3,04 milyard avro dəyərində Rusiya malları alıb və Almaniyanı 2,9 milyard avro ilə qabaqlayıb. Beləliklə, İtaliya ən azı 20 ildə ilk dəfə olaraq blok ölkələri arasında Rusiya mallarının əsas alıcısına çevrilib.
Rusiyadan idxala görə növbəti sırada Hollandiya (1,6 milyard avro) və Çexiya (1,4 milyard avro) gəlir. Polşa da ilk beşliyə (1,1 milyard avro) daxil olub.
Almaniya eyni zamanda Rusiyaya əsas Avropa tədarükçüsü olaraq qalır. Həmin ayda ölkə 1,02 milyard avro dəyərində məhsul ixrac edib. İtaliya 511,5 milyon avro ilə Rusiyaya ikinci əsas ixracatçı olub.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Qərbi əməkdaşlıqdan imtina etməməyə çağırıb və Rusiyanın Avropa mallarını almağa hazır olduğunu, lakin Aİ ölkələrinin onları satmaq istəmədiyini bildirib. Ukraynada xüsusi əməliyyat başlayandan sonra Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya rekord ticarət profisiti ilə, yəni ixrac səviyyəsini saxlamaqla Qərb ölkələrindən idxalın azalması ilə üzləşib. Beynəlxalq Maliyyə İnstitutu hesab edir ki, ilin sonuna qədər müsbət saldo 250 milyard dollara çatacaq. Bu da ötən ilki 120 milyard dollarlıq göstəricidən iki dəfə çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!