Müəllif: Tamara Mustafayeva, Banco.az
Neftin qiymətinin aşağı düşməsi səbəbindən Rusiyanın büdcəsində ilin ilk 5 ayında 3,4 trilyon rubl (təxminən 43,2 milyard dollar) kəsir yaranıb.
Banco.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyindən verilən yazılı açıqlamada ölkənin büdcə gəlirlərinin ilin ilk 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq 14,7 trilyon rubl səviyyəsinə yüksəldiyi bildirilib.
Açıqlamada bu dövrdə büdcə xərclərinin isə 20,7 faiz artaraq 18,1 trilyon rubl təşkil etdiyi qeyd olunub və beləliklə büdcənin 3,4 trilyon rubl kəsirlə nəticələndiyi ifadə edilib.
Açıqlamada neft və təbii qazdan kənar gəlirlərin 10,5 trilyon rubl, neft və təbii qaz gəlirlərinin isə 4,2 trilyon rubl səviyyəsində olduğu bildirilib.
Büdcə kəsirinin ÜDM-yə nisbətinin 1,5 faiz səviyyəsində olduğu qeyd olunan açıqlamada kəsirin əsas səbəbləri kimi yanvar ayında müxtəlif xərclərin maliyyələşdirilməsi və neft ilə təbii qaz qiymətlərinin düşməsi göstərilib.
Bununla yanaşı, Rusiyada büdcə xərcləri xüsusilə müdafiə sənayesinə yönəlmiş xərclər səbəbilə son illərdə əhəmiyyətli dərəcədə artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!