Rusiyalı milyarder Mixail Qutseriyev və onun ailəsinə məxsus olan "RussNeft" şirkəti Moskva birjasında IPO keçirmək niyyətindədir.
Bu barədə "RussNeft"in səhmdarı və "BinBank"ın Direktorlar Şurasının sədri Mikail Şişxanov (Mixail Qutseriyevin bacısı oğlu) deyib.
Onun sözlərinə görə, "RussNeft" birjada 25-49% səhmini yerləşdirməyi planlaşdırır. "Əqd artıq 2016-cı ilin IV rübündə baş tuta bilər", - deyə o bildirib.
Hazırda "RussNeft"in səhmlərinin 54%-i M. Qutseriyev və onun ailə üzvlərinə, qalan 46% isə İsveçrənin "Glencore" şirkətinə məxsusdur. "IPO-dan sonra səhmdarların pay bölgüsü barədə danışmaq hələ tezdir. Bu, əqdin parametrlərindən asılı olacaq. Bir şey dəqiqdir ki, Qutseriyev və onun ailəsi majoritar səhmdar kimi qalacaqlar", - deyə M. Şişxanov qeyd edib.
M. Şişxanov qiymət səsləndirməsə də, bildirib ki, MDB-dən olan investor 1 mlrd. dollar yatırım etməyə hazırdır. İnvestorun adı da açıqlanmır.
O, əlavə edib ki, İPO-dan öncə M. Qutseriyevin "Global Energy" şirkətinə məxsus Azərbaycandakı neft əraziləri "RussNeft"in balansına keçiriləcək. M. Qutseriyev "Global Energy" şirkətini 2007-ci ildə yaradıb. Bundan başqa, M. Şişxanov qeyd edib ki, "Global Energy" şirkətinin Qazaxıstandakı aktivləri də "RussNeft"ə köçürülə bilər.