Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət aslanlı sığorta şirkətlərinin rəhbərləri ilə növbəti dəfə görüşüb.
Palatadan verilən məlumata görə, ötən il sığorta şirkətlərinin rəsmiləri ilə bir neçə məhsuldar görüşlərin keçirildiyini xatırladan R.Aslanlı, bu görüşlərin bu il də uğurla davam edəcəyini qeyd edib. 2017-ci ildə palatanın fəaliyyətinin əsas fokuslarından birinin sığorta sektorunun inkişafı olacağını vurğulayan sədr, sektorun yetərincə kapitallaşması və ictimai etimadın bərpa edilməsi istiqamətində silsilə tədbirlərin nəzərdə tutulduğunu bildirib.
Görüş zamanı istehlakçıların hüquqlarının qorunması istiqamətində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə müqavilələrin müştərilər üçün tam aydın şəkildə tərtib olunmasının vacibliyi xüsusi vurğulanıb. R.Aslanlı həmçinin bildirib ki, sığorta şirkətləri sığorta müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi təqdirdə müştərilərlə yanaşı, rəhbərlik etdiyi qurumun qarşısında da cavabdeh olacaqlar.
Görüş 2016-cı ilin nəticələri və sığorta sektorunun mövcud vəziyyətinin dərin təhlilinə əsaslanan təqdimatın nümayişi və sektorun rəqabət qabiliyyətliliyin daha da artırılması istiqamətində nəzərdə tutulan tədbirlərə dair geniş müzakirələrlə davam edib.
Mənbə: Apa.az