Rublun ucuzlaşması manata necə təsir edəcək? – Açıqlama | Banco.az

Rublun ucuzlaşması manata necə təsir edəcək? – Açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Azərbaycan kənd təsərrüfatı məhsulları milli valyuta olan manatla qiymətləndirilir və istehsal olunur. Bu isə qiymətlərin manata uyğun formalaşmasına səbəb olur”.

Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, rublun dollara nisbətən dəyərsizləşməsi manata da təsir edir:

“Əvvəllər 5 manata satılan bir məhsul təxminən 400 rubl təşkil edirdisə, indi həmin məhsul eyni qiymətə (5 manata) satıldıqda 600 rubl olur. Bu səbəbdən, rublun dəyərsizləşməsi Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyada bahalaşmasına səbəb olur ki, bu da bazar iştirakçıları üçün çətinliklər yaradır”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert bildirib ki, bu bahalaşma Rusiyadakı alıcıların eyni həcmdə məhsul ala bilməməsi ilə nəticələnir. Belə olan halda, Azərbaycan istehsalçıları qiymətləri həm manatda, həm də rublda endirmək məcburiyyətində qalır. Bu vəziyyət məhsul ixrac edən sahibkarlar üçün ciddi çətinliklər yaradır, çünki onlar mənfəətlərini qorumaq üçün əlavə addımlar atmalı olurlar.

“Rublun ucuzlaşması Azərbaycanın iqtisadiyyatına iki əsas istiqamətdə mənfi təsir göstərir: ixrac edilən məhsulların qiymət rəqabətliliyinin azalması və Rusiyadan göndərilən vəsaitin real dəyərinin düşməsi. Bu, həm istehsalçılar, həm də Rusiyada yaşayan azərbaycanlılar üçün əlavə çətinliklər yaradaraq, vəziyyətdən çıxış yollarının axtarılmasını zəruri edir”.