Rotasiya və onun bank sistemində əhəmiyyəti | Banco.az

Rotasiya və onun bank sistemində əhəmiyyəti

Müəllif: Anar Əliyev, “Muğanbank” ASC – Risklərin İdarə edilməsi Departamentinin direktor müavini

Təbii ki, çoxlarımız rotasiya sözünün mənasını, əhəmiyyətini anlayır, amma tətbiq etmirik. Elə buna görə də rotasiyanın daha dərindən öyrənilməsinə ehtiyacın olduğuna inanıb bu qısa məqaləni yazmaq qərarına gəldim.

Rotasiya: [lat. rotatio – fırlanma]  bir ox və ya öz mərkəzi ətrafında fırlanma hərəkəti.

Rotasiya dedikdə, planlı şəkildə işçilərin yerdəyişməsi və ya işçinin vəzifə səlahiyyətlərinin dəyişdirilməsi başa düşülür. İntensiv şəkildə rotasiyanın istifadə edilməsi müsbət xarakter sayılır və son nəticəyə münbit təsir edir.

Uzunmüddətli eyni vəzifədə qalmaq əmək motivasiyasını aşağı salır, işçinin ətraf və dünya görüşünü bir ərazi, sahə üzrə məhdudlaşdırır. İşçi çatışmamazlıqlara vərdiş edir, öz fəaliyyətinin zənginləşdirməyi, yeni metod və formalarla təkmilləşdirməyi dayandırır.

Yerdəyişmə işçilər arasında vəziyyəti bərabərləşdirmək və işçini yeni iş şərtlərinə tezliklə uyğunlaşmaq üçün şərait yaradır.

Lakin hamı üçün rotasiya qaydaları ilə yerdəyişmə etmək mümkün deyil. Rotasiya etməmişdən öncə ediləcək yerdəyişmənin müsbət və mənfi cəhətləri təhlil edilməlidir.

Müsbət cəhətləri:

  1. Kadr axınının azalması;
  2. İşçilər tərəfindən edilən təklif və yeniliklərin yüksək səmərəlilik göstəricisi;
  3. Təşkilata qarşı etimad, inam. Bunun nəticəsində də kommersiya sirri sayılan informasiya axınının azalması;
  4. Gündəlik monoton işin səbəb olacağı stressin azalması;
  5. Yeni vəzifələr artırmadan işçilərin iş şəraitinin dəyişməsi və yeni iş şərtlərinə uyğunlaşmasının daha asan olması;
  6. Xəstəlik, məzuniyyət və ya hər hansı bir səbəbdən işçinin asanlıqla əvəz edilməsi;
  7. Hər hansı bir konflikt yaranması təklükəsi və ya yarandığı təqdirdə asanlıqla aradan qaldırılması;
  8. Ədalətsizlik hissinin yaranmasının qarşısını alır. (Hansı ki, bəzi işçilər daha çətin və ağır, digərləri isə yüngül və çox gəlirli işləri görürlər.)
  9. Rotasiya edilən işçilər arasında münasibəti yaxşılaşdırır. Həmin işçilər görəcəyi və ya gördüyü işlərlə əlaqədar bir-birinə suallarla müraciət edirlər. Nəticədə kollektiv içində qarşılıqlı köməkləşməni artırır.
  10. Daha təcrübəli işçilərin öz praktikaları ilə daha az səriştəsi olan işçilərlə bölüşməsi və təlimlərdə iştirak etmədən işçinin öz təcrübə və biliyini artırması;
  11. İşçini bir neçə sahədə yoxlamaq, müsbət və mənfi cəhətlərini (xarakter və bacarığını) asanlıqla müəyyənləşdirməsi.

Mənfi cəhətləri:

  1. Yeni iş yerinə vərdişetmə dövründə iş görmə qabiliyyətinin aşağı düşməsi;
  2. Yerləri dəyişdirilən işçilərin təlimi və ümumiyyətlə sistemin yaradılmasının əhəmiyyətli vəsait tələb etməsi;
  3. Düzgün yerdəyişmə edilmədiyi təqdirdə narazılıqların yaranması;
  4. Heç kimin öz sahəsini, işini rotasiya edilmədiyi vaxtdakı kimi mükəmməl bilməməsi;
  5. İşgüzar qərarların qəbul və həll edilməsində qruplaşmanın (köhnə kollektiv və rotasiya edilmiş işçi arasında) yaranması;
  6. Yerdəyişmə prosesini həyata keçirərkən “yaxşı” vəzifədən daha aşağı vəzifəyə keçirilməsində işçilərdən rədd cavabı alınması və bu kimi digər problemlər;

Yuxarıda qeyd etdiyimiz müsbət və mənfi cəhətləri dəyərləndirmək, daha düzgün rotasiya etmək, mənfi cəhətlərin optimallaşdırıması və rotasiyanı daha dərindən dərk etmək üçün onun təsnifləşdirilməsi məsləhət görülür.

Ən sərfəli kredit üçün müraciət et

  1. Tezlik üzrə (müddət) rotasiyanı illik, aylıq, günlük, hətta bəzi sahələrdə saatlıq olaraq da həyata keçirmək mümkündür.
  2. Hərəkət istiqamətinə görə rotasiya –
    1. Dairəvi – müəyyən müddət ərzində bir sıra vəzifələr keçdikdən sonra yenidən öz vəzifəsinə qayıdır.
    2. Qaytarılmayan – hansı ki, işçi rotasiya dövründəki ilk tutduğu vəzifəyə geri qaytarılmır.
    3. Əvəzləmə – bu prosesdə iki eyni səviyyəyə məxsus işçinin yerləri dəyişdirilir.
  3. İxtisaslaşma səviyyəsinə görə
    1. İxtisas(öz sahəsi) üzrə;
    2. Digər ixtisas üzrə.
  4. Həcminə görə rotasiya bir neçə növə bölünür.
    1. Daxili – yəni bir şöbə, bölmə və ya təşkilatın daxilində baş verən dəyişiklik. (şöbələrarası, departament daxili, departamentlər arası və.s)
    2. Xarici – eyni regionda yerləşən filial və bölmələr arasında yerdəyişmə.
    3. Regionlararası – yaşayış məkanını dəyişməklə nəticələnən digər filial və ya bölməyə edilən rotasiya. Məs: Azərbaycan banklarının tətbiq etdiyi filial direktorlarının digər region üzrə rotasiyası.
    4. Beynəlxalq rotasiya – beynəlxalq kooperasiyalarda daha çox rast gəlinir. (Misal olaraq bir tanışımın beynəlxalq şirkətdə Azərbaycan üzrə nümayəndəlikdən Rusiya Federasiyası üzrə nümayəndəliyə rotasiya edilməsini göstərmək olar).

Daha bir neçə təsnifləşdirmə növünü – elmi texniki tərəqqi səviyysinə görə (real, virtual), məqsədə görə – əlavə edə bilərik.

Hər bir təşkilatda üfiqi rotasiya sisteminin yaradılması vacibdir. Bu vəzifə insan resurslarının idarəedilməsi bölməsinin üzərinə düşür. Üfiqi yerdəyişmə insanın bütün əmək fəaliyyəti ərzində edilməsi vacibdir. Ancaq bir nüans nəzərə alınmalıdır ki, daha yuxarı yaşlarda rotasiyanın tezliyi azaldılmalıdır. Çünki fəaliyyətin ilk illərində yeni iş şəraitinə və şərtlərə uyğunlaşmaq daha asan olur. Rotasiya sisteminin də daha mükəmməl işləməsi üçün yeni işçi götürdükdə daha diqqətli olub layiqli və lazımı keyfiyyətlərə malik namizədlər seçilməlidir ki, hər bir şəraitə uyğunlaşa bilsinlər.