Restoranlardakı iftar menyuları vətəndaşların büdcəsinə uyğundurmu? | Banco.az

Restoranlardakı iftar menyuları vətəndaşların büdcəsinə uyğundurmu?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Fevralın 19-dan Azərbaycanda Ramazan ayı başlayıb. Oruc tutanlar bəziləri oruclarını öz evlərində, bəziləri isə restoranlarda açır.

Bakıda yerləşən bəzi restoranlarda iftar menyusunun qiymətini araşdırmışıq. Qiymətlər 20-120 manat arasında dəyişir. Bəs bu qiymətlər adi bir vətəndaşın büdcəsinə uyğundurmu?

İqtisadçı Xalid Kərimli Banco.az-a bildirib ki, indi restoranlara getsək görərik ki, adam əlindən tərpənmək olmur. Demək ki, qiymət düzgündür, çünki orda oturanlar da vətəndaşlardır:

"Restoranlar boş qalsalar, qiymətlərini aşağı təyin edərlər. Amma əksinə, bəzi restoranlar qiymətləri hətta yüksək təyin etməklə sayı azaltmaq istəyirlər, tələbatı aşağı salmaq istəyirlər. 70 manat təyin edən deyir ki, mənim restoranıma imkanı olan, varlı gəlsin, imkanı çatmayan gəlməsin. Yəni 70 manatı elə onun üçün təyin edib ki, hamı girə bilməsin ora. Bu, restoranların öz strategiyasıdır, siyasətidir, özlərini mövqeləndirməsidir.

Qiymətləri o vaxt uğursuz hesab edə bilərik ki, vətəndaşın cibinə uyğun olmasın, restoran bomboş qalsın, heç kim getməsin. Restoran nə qədər baha qiymət qoyur-qoysun, əgər müştərisi varsa və istədiyi həcmdə satış edə bilirsə, demək, düzgün qiymət qoyub. Yəni biz o halda baha qiymət deyə bilərik ki, qiymət qoyulub, amma içəri girən yoxdur".

İqtisadçı ötən illə müqayisədə qiymət artımına münasibətdə bildirib ki, restoranlar qiyməti müəyyənləşdirməkdə tam sərbəstdirlər: "Hətta keçən ildən 3 dəfə baha da qoya bilərlər. Amma keçən illə müqayisədə onların xərcləri daha çoxdur. Kommunal xərclər artıb, işçilik xərcləri artıb. Son 12 ayda ərzaq qiymətləri 7% bahalaşıb və bunların hamısı xərclərdə öz əksini tapır. İşçilərin əməkhaqqı 9,3% artıb və bu da restoranın xərcini artırır.

Keçən illə müqayisədə restoranın xərcləri ən azı 5-10% artıb. Restoran restorandan fərqlənir, hamısında artım eyni deyil. Bu baxımdan qiymət normal qiymətdir və hər restoran öz strategiyasına uyğun qiymət təyin edir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram