Rəşad Cümşüdov: Mən öz işimdən həzz alıram" | Banco.az

Rəşad Cümşüdov: Mən öz işimdən həzz alıram"

Banco.az portalının bu dəfə müsahibi  Nikoil Bankın Marketinq departamentinin direktoru Rəşad Cümşüdov oldu.

  • Rəşad bəy, mümkünsə, oxucularımız üçün qısaca özünüzü təqdim edin

Mən 1981-ci ildə Bakı şəhərində doğulmuşam. Məktəbi bitirdikdən sonra Bakı Slavyan Universitetinin Ukrayna dili və filologiyası fakültəsinə daxil oldum. Daha sonra oxuduğum müddətdə fakültənin adı dəyişərək “Regionşünaslıq və tərcümə” fakültəsi kimi müəyyən edildi. Universitetdə oxuduğum müddətdə ixtisasımın haqqını verməyə çalışırdım. Bizi Ukraynanın Çerkası şəhərinə təcrübə toplamaq üçün yolladılar. Biz iki il ardıcıl şəkildə Çerkası Dövlət Universitetinə  yay məktəbi layihəsi çərçivəsində dil təcrübəsinə yollandıq. 2000-2001-ci illər üçün çox maraqlı yadda qalan hadisələr oldu. Hətta azərbaycanlı tələbələrin Ukrayna dilinə maraq göstərməsi orada, yerlilər tərəfindən maraqla qarşılanırdı.

Sonra isə magistratura təhsilini bitirib hərbi xidmətə yollandım.

Amma onu da qeyd etmək istəyirəm ki, bank sahəsinə marağım məktəb illərindən var idi. Sadəcə olaraq humanitar fənlərə meylliyim , seçimim humanitar fənlərdən yana oldu və bu ixtisas seçiminə təbii olaraq öz təsirini göstərdi.

  • Rəşad bəy, niyə marketinq sahəsi üzrə çalışmaq qərarı verdiniz və necə oldu ki, yolunuz Nikoil Bankdan düşdü?

Hərbi xidmətdən qayıtdıqda mənə universitetdə tələbələrə tədris etməyi təklif etdilər. Bakı Slavyan Universitetində Ukrayna filologiyası fakültəsində praktiki Ukrayna dili üzrə iki il dərs demişəm.

Paralel olaraq belə bir fikrə gəldim ki, nəyə görə ikinci dəfə özümü sınayıb, İqtisadiyyat Universitetinə sənədlərimi verməyim? Elə oldu ki, distant təhsil bölməsi ilə tanış oldum, müraciət edib qəbul olundum. Slavyan Universitetində dərs deyə-deyə, təhsil aldım və həmin dövrdə bankların birində iş təklifi aldım. Maliyyə və Kredit üzrə idi təhsilim, öz üzərimdə işlədim və qoyduğum hədəfə nail oldum.

Bankdan təklif gəldikdən sonra özümü kredit mütəxəssisi kimi sınadım və uzun müddət aparıcı kredit mütəxəssisi kimi çalışdım. Daha sonra Nikoil Bankda proseslərin optimallaşdırılması və strateji inkişaf departamentinə aparıcı mütəxəssis tələb olunurdu və mən CV-imi göndərdim..

Onu da qeyd edim ki, bankda çalışdığım dövrdə vəzifəm kredit mütəxəssisi olsa belə digər Bank sahələrinə maraq göstərirdim- əməliyyatlar, kassa, inkassasiya və s.

Qeyd etdiyim vakansiya mənə maraqlı gəldi, CV-imi göndərib qəbul olundum. Adi qaydada müsahibəyə gəldim və bank öz seçimi mənim üzərimdə saxladı. 2011-ci ildən bəri Nikoil Bank komandasına qoşuldum və işlədiyim dövr ərzində maraqlı insanlar ilə tanış oldum.

Proseslərin optimallaşdırılması üzrə xronometrajlar keçirdim, təkliflər verdim, filiallarımızı gəzdim, maraqlı iş idi. Daha sonra bizdə ilin sonunda yüksək nəticə göstərən, aktiv olan KPİ (key performance indicators) vaxtında təhvil verən əməkdaşlar üçün vəzifə artımı nəzərdə tutulurdu – belə bir motivasiya sistemimiz var idi. Həmin qiymətləndirmə nəticəsində  şöbənin müdiri vakansiyası boş idi və məni şöbə müdiri təyin etdilər.

Strateji inkişaf, strateji planlaşdırma, büdcə, sahəsində çalışmağa başladım. Struktur dəyişikliyindən sonra bizim İnkişaf departamentinin nəzdində strateji planlaşdırma şöbəsi yaradıldı və mən ora təyin olundum. 2015-ci ildə isə məni İnkişaf departamentinin direktoru təyin etdilər. İnkişaf departamentinin tərkibində marketinq, reklam, PR, strateji planlaşdırma şöbələri mövcud idi. O gündən bu yana özümü marketinq sahəsində də sınamağa başladım.

Marketinq ilə bağlı mütaliə etdim, forumlara, təlimlərə qatıldım, xarici ölkələrə getdim, mənim üçün yeni bir sahə idi və çox bəyəndim. Riyazi biliklərim, bank təcrübəm, humanitar təcrübəm - marketinqdə bu bilikləri tətbiq etmək imkanım oldu.

Yaxşı ya pis yəqin bunu kənardakılar qiymətləndirər. Amma bununla kifayətlənmək fikrim yoxdur , marketinq elə bir sahədir ki, gərək daima öz üzərində işləyəsən, nəsə öyrənəsən, yeniliklər tətbiq edəsən.

  • Bu illər ərzində ən çox təcrübə topldağınız və öyrəndiyiniz layihə ( bank daxilində hansısa kampaniya ya məhsulun yaranması ola bilər) hansı olub?

Elə ilk təyin olunanda rəhbər kimi İnkişaf departamentinə (2016-cı ildə İnkişaf departamentini adı dəyişdirilərək Marketinq Departamenti olmuşdur) bu sahədə biliklərim elə də güclü deyildi. Sadəcə qarşıma qoyulan məsələləri dərhal və yüksək səviyyədə yerinə yetirməyə çalışırdım. Həmkarların, dostların, komandanın, ədəbiyyatın köməyi ilə sonda  yekunda uğurlu bir nəticəni ortaya qoya bilirdik. Konkret hər hansı bir layihənin üzərində dayanmaq istəmirəm. Başlayanda etdiyim ilk layihələr rəhbərlik tərəfindən bəyənildi.

Çətinliklər olub, amma öhdəsindən gələ bilməyəcim nəsə olmayıb.

  • Ən çox hansı dövrdə öyrəndiyinizi düşünürsünüz?

Gəlin ondan başlayaq ki, bankda ilk iş təcrübəm kredit mütəxəssisi kimi olub. Bank sahəsini götürsən ən çox həmin dövrə təsadüf edib, çünki mənim üçün yeni sahə idi, burda daha çox məlumat toplamaq məcburiyyətində idim.

İnsan elə bir varlıqdır ki, istənilən dövrdə, həyatının istənilən mərhələsində öyrənməyə, oxumağa qadirdir, hər bir dövrdə hansısa bir nailiyyətin üzərində dayanmaq olmaz. Günü bu günə qədər öyrənirəm, öyrənməkdən soruşmaqdan da utanmıram.

Elə anlar olub ki, hər hansı bir məsələ üzrə şəxsi sıxıntım olub. Bençmark axtarmışam ki, görən bunu mənim digər həmkarlarım necə edib. Özüm üçün onu qəbahət bilməmişəm. Sadəcə onların hər hansı bir keys üzrə keçdiyi yolu öyrənmişəm, onlardan soruşmuşam ki, misal üçün bu proyekti necə keçirdiniz? Və onlar öz biliklərini – hansı addımları atdığını, hansı nəticə əldə etdiklərini mənimlə paylaşıb. Mən də yığılan informasiyanı özümdə adaptasiya etmişəm və edilənləri təkrarlamamaq şərti ilə özümə uyğun bir çıxış yolu tapmışam.

  • Rəşad bəy, 2017-ci il Nikoil Bank üçün necə keçdi?

2017-ci il dinamik keçdi. Son illərdə bankların o qədər də güclü reklam və marketinq aktivlikləri gözə çarpmırdı, lakin 2017-nin sonlarına yaxın sektorda canlanma oldu. Bizə gəldikdə isə ilin ikinci yarasından sonra riteyl kreditləşmə üzrə aktiv reklam kampaniyasına başladıq. Burada “Simalar konsepsiyası” çərçivəsində bir neçə kredit məhsulunun reklam kampaniyaları həyata keçirildi. Video çarxlar çəkib hazırladıq , imkan daxilində bütün reklam alətlərini işə qatdıq. Uğurlu olub-olmamasını müştərilərimiz daha yaxşı müəyyən edə bilər, amma düşünürəm ki, Simalar konsepsiyamız yadda qalan oldu. Bacardığımız qədər geniş kütləni əhatə etməyə cəhd etdik.

  • Rəşad bəy, sirr deyilsə marketinq komandanız neçə nəfərdən ibarətdir? Kimlər var komandada?

Marketinq komandamız məhdud sayda əməkdaşdan ibarətdir. Hazırda, 3 nəfər var: PR və reklam sahəsini bir nəfər idarə edir, bir nəfər marketinq sahəsinə görə məsuldur və bir nəfər dizaynerimiz var.  Planımızda komandamızın genişləndirilməsi var.

Bu günə qədər bütün SMM işini özümüz hazırlamışıq, postları, kontenti, dizaynı, kampaniyaları və s. öz daxili gücümüz hesabına etmişik, amma mən out-source SMM xidmətindən istifadə etməkdə də qəbahət görmürəm, bir neçə banklar var ki, belə edir. Bu bir balaca yükü marketinq komandasının üzərindən götürür və həmin iş bu sahədə ixtisaslaşmış komanda tərəfindən yerinə yetirilir.

Amma seçim mənə qalsa mən daxili gücümüz hesabına, yəni bank daxili edilməsinin tərəfdarıyam.

Ən sərfəli kredit üçün müraciət et

  • Maraqlıdır xarici banklardan, marketoloqlardan hansıları izləyirsiniz?

Bəyəndiyim, diqqətlə  haqqında oxuduğum, izlədiyim banklardan biri Tinkoff Bankdır. Oleq Tinkovun bloqunu izləyirəm, postlarını oxuyuram. “Roketbank”ın, “Alfa Bank”ın aktivliyini izləyirəm Rusiya bazarından. Türkiyə bazarından Garanti bankın strategiyası və məhsulun təqdim olunması çox maraqlıdır.

Daha sonra bank sahəsindən olmayan, lakin Rusiyanın kreativ bazarında liderlərdən Artemiy Lebedev Studiyasının işlərini izləyirəm və Artemy Lebedevin  özünün postlarını və bloqlarını izləyirəm. Onun rəhbərlik etdiyi şirkətə böyük layihələr həvalə olunur, çox maraqlı insandır, şirkətin dəyərlərini oxuyanda adamın hansı düşüncələrə sahib olduğunu görmək olur.

Çalışıram biznes revyü jurnallarını oxuyum. Gün ərzində kifayət qədər çox, həm yerli, həm də xarici bazarla bağlı siyasi, iqtisadi, məqalələr, dərgilər oxuyuram, çünki, siyasət də dolayısı yolla iqtisadiyyata təsir edir.

  • Hansı ədəbiyyatı oxuyursunuz? Marketinqlə bağlı izlədiyiniz bir nəşr, jurnal və s varmı?

Mən çalışıram tövsiyə olunan kitablar oxuyum.

Qeyd edim ki, evdə özümün kitabxanam – kitab kolleksiyam var, 2000- 2500 kitabdan ibarət. Uşaqlıqdan həvəsim olub kitablara – yığmışam bu günə qədər. Azərbaycan dilli ədəbiyyat kolleksiyam da var, mənim doğma dilimdir. Amma təhsilim rus dilində olduğundan rusca oxumaq da mənə rahatdır. Rus dilində kolleksiyalarım var və əlbəttə ki, Ukrayna dilində, mənə yaxın olan ikinci xarici dildir. Daha sonra ingilis dilli ədəbiyyat var. İngiliscə də oxuyuram, nəsə anlamayanda tərcümə edirəm, öz üzərimdə çalışıram.

Məndə belə bir fobiya var, mən heç vaxt əlimi atıb, rəfdən təsadüfü kitab seçib oxumuram. Çünki, kitab ya bədii əsər olsun, sonradan mənə maraqsız gələrsə, mən oxumağa sərf etdiyim vaxtı itirilmiş – hədər yerə getmiş hesab edirəm.

Ona görə, mən dostların fikirlərinə, kitablar haqqında yazılan postlara fikir verirəm, kimlərinsə oxuyub, bəyənib tövsiyə etdiyi kitabları oxuyuram. Fikirləşirəm ki, əgər bu mənim dostumdursa, bəyənibsə və onu paylaşıbsa, demək ki, kitab yaxşı olmalıdır və axtarıb o kitabı tapıram, istər elektron versiyası olsun, istər çap.  

Tövsiyə edilən, bazarda bestseller olan, İqor Manın nəşriyyat evinin nəşr etdiyi kitabları oxuyuram, son dövrlər digital marketinq sahəsində çoxsaylı kitablar və dərgilər oxumağa başlamışam.

Ən son oxuduğum kitablardan - "Цифровой банк" – Kris Skinner, "Моя жизнь в рекламе" – Claude C. Hopkinsi qeyd edə bilərəm.

PR, marketinq və reklam sahəsində cavabdeh olduğum üçün bu sahələrlə bağlı gündəmi izləyirəm, ədəbiyyata üstünlük verirəm, çünki hər üç sahədən məlumatlı olmalıyam.

  • Nikoil Bank hal-hazırda hansı marketinq vasitələrinə daha çox üstünlük verir? Ənənəvi ya alternativ?

Hal-hazırda hamımız izləyirik ki, tendensiya daha çox rəqəmsal marketinq tərəfə yönəlmək üzrədir. Digər xarici ölkələrlə müqayisədə bizdə hələ də ənənəvi marketinq daha çox paya malikdir. Amma dünya üzrə bu tendensiyada yarıbayarı və hətta daha çox alternativ marketinq kanallarının xeyrinədir. Onlayn marketinq artıq TV-ni sıxışdırır. Biz məlumatları mobil telefondan almağa meyl edirik gündəlik həyatda və buna görə də mobil tətbiqlərdə, sosial şəbəkələrdə və digər platformalarda reklam etməyə üstünlük verilir.

Biz də bazara uyğun, balanslaşdırmağa çalışırıq. Hal-hazırda ənənəvi reklam üstünlük təşkil edir, əminəm, yaxın gələcəkdə bazarın tələbinə uğun olaraq rəqəmsal marketinq daha üstünlük təşkil edəcək.

  • Müştərilər Sizdən 2018-ci ildə hansı innovativ yenilikləri gözləsinlər?

İlin əvvəli olduğu üçün hər hansı bir proqnoz vermək istəməzdim. Geniş miqyaslı reklam aksiyalarımız, müştəriləri sevindirəcək sərfəli kredit şərtlərimiz olacaq. Bildiyiniz kimi biz bazarda ipoteka kreditləşməsi üzrə lider banklardan biriyik. Bizim bir filialımız məhz bu istiqamət üzrə ixtisaslaşıb, bu il gücümüzü daha çox həmin istiqamətə yönəldəcəyik.

Riteyl bankçılıq sahəsi üzrə də planlarımız var. Hüquqi şəxslər üçün internet bankımız artıq iki ildir fəaliyyət göstərir, fiziki şəxslər üçün internet bank üzrə hal-hazırda işlər yekunlaşmaq mərhələsindədir. Kart məhsulları ilə bağlı yeniliklərimiz olacaq 2018-ci ildə. Universal bank olduğumuz üçün hüquqi şəxslərə və həmçinin fiziki şəxslərə də aid olan məhsullar üzrə işlər görüləcək.

2018-ci il daha aktiv, daha ambisiyalı addımlar atılacaq.

  •  Sizcə bu il bank sektoru üçün necə keçəcək?

Belə bir qəbul olunmuş praktika var ki, maliyyə böhranı olduqda bunun dövrü üç il qiymətləndirilir. Mənim şəxsi fikrimcə də, 2018-ci ili artıq böhranın sonu kimi qiymətləndirmək olar, bank sahəsində canlanma, yeni məhsulların ortaya çıxması və kreditləşmədə daha məsuliyyətli yanaşma olacaq. Geridə qoyduğumuz illərlə müqayisədə yaxşıya doğru daha çox dəyişikliklər olacaq. Geridə qoyduğumuz bu dövrdə bankların öz işləri üzərində düşünməyə imkanı olub, hər hansı bir addımı atanda və ya məshulu bazara çıxaranda daha çox düşünəcək banklar.

Optimist yanaşaraq, düşünürəm ki, bank sahəsi üçün uğurlu il olmalıdır.

  • Sonda ənənəvi sualımız, bankda işləməyin çətinlikləri hansılardır, xüsusən marketinq sahəsində.

Mənim üçün çətin tərəfləri yoxdur. Böyük məmnuniyyətlə hər səhər öz işimə gəlirəm. Adətən marketinq departamenti ən kreativ departament sayılır. Marketinq departamentinin əməkdaşları ən aktiv, ən çox canlı, şən və yaradıcı insanlardan ibarət olur. Bir də görürsünüz hansısa məsələ ətrafında İmpulsiv diskussiya gedir, kənardan baxanlar elə bilər ki, mübahisə edirik, amma qapını açanda görürlər ki, hər hansı bir ideya ətrafında müzakirə gedir. Mən tərəfdarıyam ki, bütün daxili komandanı, hətta digər şöbələrin əməkdaşlarını da cəlb edib fikrini öyrənək, biz fokus qrup yaradıb, onların fikirlərini adi istehlakçı kimi öyrənirik ki, belə bir məhsul və ya xidmət onlara təklif edilsə ilkin reaksiyaları, münasibətləri necə olar.

Mən işimdə çətin tərəf görmürəm, təbii ki ilin, hər hansı bir dövrün və ya layihənin sonunda işimiz çox olur, çalışırıq işdən sonra qalib işləyək, amma bunu  problemli, çətin və ya ağır bir məsələ kimi görmürəm.

Hər gün maraqlı insanlar ilə ünsiyyətdə olursan, sosial şəbəkələri izləyirsən, bəzi məsələlərdə fikirlərini paylaşırsan, şərh bildirirsən, öz həmkarların ilə yeni nəyisə müzakirə edirsən. Həqiqətən, mən öz işimdən həzz alıram.

Bank daxili yarışlar, müxtəlif müsabiqələr keçirməyi sevirik vaxtaşırı. Hətta ilin sonunda bankın struktur  bölmələri arasında ən yaxşı otaq bəzədilməsi müsabiqəsi keçirtmişdik. Hər departament, struktur bölməsinin qarşısında belə bir tapşırıq qoymuşduq ki, ən yaxşı bəzədilmiş otaq hansı olsa sonda təltif olunacaq və elə də oldu.

Müştərilər üçün müsabiqələr, yeni il şənliyinin təşkili və istənilən bir digər tədbir. Özümdə bu bacarıq güclü olduğu üçün komandaya da sirayət olur.  Əsas odur ki, insan öz işindən həzz alsın, həm özünün, həm də ətrafdakıların inkişafı üçün şərait olsun və bizim bankda belə bir şərait var. 

Müsahibə üçün təşəkkürlər

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et