Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Rayon büdcələrinin gəlirlərinin artırılması birbaşa olaraq regionlarda iqtisadi vəziyyətdən asılıdır”.
Bu fikirləri Banco.az-a iqtisadçı Xalid Kərimli deyib. Ekspert bildirdi ki, rayon büdcələrinin xərclərinin optimizasiyası ən yaxşı yolu vəsaitləri azaltmaq, qənaət etmək yoludur.
“İstənilən büdcəni balanslaşdırmaq olar. Amma hökumətin istədiyi odur ki, rayon büdcələri mümkün qədər yerli imkanlar hesabına gəlirlərini artırıb, xərclərini də azaltsınlar. Əvvəllər bu istiqamətdə heç bir iş görülməsə də, son bir neçə ildə, rayon büdcələrinin gəlir və xərc mümkün qədər az dotasiya olunur. Mən güman edirəm ki, hələdə regionların iqtisadi inkişafı baş tutmadıqca onların mərkəzi büdcəyə ehtiyacı olacaq”.
2024-cü il büdcəsinin 50.2 faizi neft sektorundan, 49.8 faizi qeyri-neft sektorundan, 5 faizi dövlətin mərkəzləşdirilmiş idarələrinin göstərdiyi xidmətlərdən, 2 faiz isə sair gəlirlərdən formalaşır. Eyni zamanda növbəti ildə qeyri-neft/qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 58,1 faizini vergi orqanlarının xətti ilə daxilolmalar, 34,7 faizini gömrük orqanlarının xətti ilə daxilolmalar, 4,9 faizini büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar planlaşdırılır.
Bu təsnifləşdirmə barədə izah verən ekspert qeyd etdi ki, rayonların şəxsi büdcəsi yoxdur, onlar vergi toplamırlar, amma ümumi vergi və gömrük rüsumlarından gələn gəlirlər nəticəsində hər bir şəhərin rayonun xərcləri hesablanır:
“Məsələn, 2024-cü il üçün Bakı şəhəri üzrə büdcəyə toplanan gəlirlər 12 596 770 000 manat proqnozlaşdırılır. Bunun əsas səbəbi iqtisadiyyatın əsasən Bakı şəhərində cəmlənməsidir. Bakı şəhəri ərazisində fəaliyyət göstərən fiziki, hüquqi şəxslər, sahibkarlar mənfəətdən vergi ödəyir və nəticədə də ərazinin saxlanma xərcləri formalaşır. Ayrı-ayrı rayonlar üzrə həmin rayonda fəaliyyət göstərən şəxslərin ödədiyi vergilər həmin rayonun xərclərini üstələyir. Burada icra hakimiyyətləri şəxsən vergi toplamır və ya pullu xidmətlər təklif etmir. O vergilər də toplandıqdan sonra həmin rayonun cari xərcləri nəzərə alınır və toplanan vergilərin üst-üstə düşməsi və yaxud da vergilərin daha çox olması halında həmin rayon öz-özünü dolandıran rayon elan edilir. Bir sözlə, icra hakimiyyətində görüləcək işlərlə bağlı ayrılmalar və rayon ərazisindən toplanan vergilər cari xərclərlə üst-üstə düşürsə, bu, öz-özünü dolandıran, özünü maliyyələşdirən rayon kimi qeydiyyata alınır ”-deyə ekspert fikrini yekunlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!