Qlobal Pul Həftəsi tədbirləri yekunlaşmışdır | Banco.az

Qlobal Pul Həftəsi tədbirləri yekunlaşmışdır

07 aprel 2016, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun ölkə üzrə nümayəndəliyi ilə birgə Qlobal Pul Həftəsi çərçivəsində mart ayının II həftəsindən etibarən tələbə-gənclər və şagirdlər arasında bir sıra maarifləndirmə tədbirləri reallaşdırmışdır.

Bu il keçirilən Qlobal Pul Həftəsi çərçivəsində Səbail rayonunda yerləşən 16 saylı və Binəqədi rayonunda yerləşən 144 saylı orta məktəblərdə tədbirlər təşkil edilmişdir. Tədbirdə iştirak edən VII və VIII sinif şagirdlərinə Qlobal Pul Həftəsi ilə bağlı məlumatlar, pulun yaranma tarixinə, inkişafı mərhələləri və özəlliklərinə dair 10 maraqlı fakt barədə məlumat verilmişdir. Müxtəlif nominallı əskinasların üzərindəki simvolların mənaları şagirdlərə açıqlanmış, pul nişanlarının üzərindəki mühafizə elementləri haqqında ətraflı məlumat verilmiş, videoçarxlar nümayiş olunmuş və intellektual oyunlar keçirilmişdir. Hər iki məktəbdə tədbir iştirakçısı olmuş şagirdlərə müxtəlif hədiyyələr paylanmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda həftə ərzində Mərkəzi Bankın Maliyyə Savadlılığı adlı rəsmi Facebook səhifəsində maliyyə və iqtisadi məfhumlara və pulun mühafizə elementlərinə dair oyunlar, eləcə də tələbələr üçün pul nişanları və onların inkişaf tarixi, bank-maliyyə mövzuları haqqında 10 sualdan ibarət yarışma keçirilmişdir. Sualları hamıdan tez və düzgün cavablandıran şəxslər qalib elan edilmiş və Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzində keçirilən tədbirdə qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Qeyd edək ki, Qlobal Pul Həftəsi hər il mart ayının II həftəsində, xüsusilə uşaqlar və gənclər arasında pul, maliyyə və iqtisadi maarifləndirmənin artırılması məqsədilə dünyanın 80-dən çox ölkəsində, eləcə də Mərkəzi Bankın təşəbbüşü ilə ölkəmizdə də keçirilir. 

Ən sərfəli krediti almaq üçün müraciət et