Qlobal LNG ixracatı birinci rübdə 3,1 faiz artıb | Banco.az

Qlobal LNG ixracatı birinci rübdə 3,1 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal LNG ixracatı birinci rübdə 3,1 faiz artıb.

Banco.az xəbər verir ki, Neft İxrac edən Ərəb Ölkələri Təşkilatının (OAPEC) 2025-ci ilin I rübünə dair LNG (mayeləşdirilmiş təbii qaz) bazar hesabatından əldə edilən məlumatlara görə, ilk rübdə Avropada qış boyunca təsirli olan soyuq hava şəraiti səbəbilə istilik sektorunda qaz tələbinin artması, 2025-ci ilin yanvar ayında Ukrayna üzərindən nəql olunan Rusiya qazının tamamilə dayandırılması və Misirdə yerli istehsalın daxili tələbatı ödəyə bilməməsi kimi faktorlar LNG tələbinin artmasına səbəb olub.

Qlobal LNG ixracı bu ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq 109,3 milyon tona yüksəlib.

İlk rübdə ötən ilin eyni dövrü ilə müqayisədə:

  • ABŞ-ın LNG ixracı 14,8 faiz artaraq 26,6 milyon tona çatıb,

  • Qətərin ixracı 5,8 faiz artaraq 21,9 milyon tona yüksəlib,

  • Avstraliyanın ixracı isə 5,9 faiz azalaraq 19,3 milyon tona enib.

Dünyanın dördüncü ən böyük LNG təchizatçısı olan Rusiyanın LNG ixracı 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsindən bəri ilk dəfə azalıb — 4,6 faizlik geriləmə ilə 8,3 milyon tona düşüb.

Bu azalma ölkədə 2 mayeləşdirmə zavodunun bağlanması ilə əlaqələndirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram