Müəllif: Gülnar Əhmədli, Banco.az
"Nature" jurnalında dərc olunan yeni elmi tədqiqat göstərir ki, qlobal yağıntıların ümumi həcmi artsa da, dünyada quraqlıq problemi eyni zamanda daha da dərinləşir.
1980-2022-ci illər arasındakı qlobal yağıntı məlumatlarını təhlil edən alimlər müəyyən ediblər ki, yağışlar getdikcə daha intensiv və qısamüddətli fırtınalar şəklində yağır. Bu isə yağışlı dövrlər arasındakı quraq müddətlərin uzanmasına səbəb olur.
"Dartmouth College" tədqiqatçısı Kori Lesk bildirib ki, əsas məsələ yalnız yağıntının miqdarı deyil, suyun torpağa və yeraltı su ehtiyatlarına necə çatmasıdır. Onun sözlərinə görə, “Yağış və qar daha güclü leysanlar şəklində yağdıqda, torpaqda və yeraltı sularda daha az su toplanır.”
Araşdırmaya əsasən, həddindən artıq güclü yağış torpağın su udma qabiliyyətini aşır. Nəticədə suyun böyük hissəsi ya buxarlanır, ya da səth axınları vasitəsilə sürətlə itirilir. Alimlər hesab edirlər ki, qlobal istiləşmə bu prosesi daha da sürətləndirə bilər. Temperaturun artması gələcəkdə daha intensiv yağıntılara və bəzi bölgələrdə daha ciddi quraqlıq riskinə səbəb ola bilər.
Tədqiqat həmçinin göstərib ki, xüsusilə ABŞ-nin qərb bölgələrində yağıntı miqdarı qlobal orta göstəricidən daha sürətlə artır və bu da su ehtiyatlarının idarə olunmasını daha mürəkkəb hala gətirir.
Bizi sosial şəbəkələrdən izləyin!!
