Müəllif:Mehin Qasımova,Banco.az
Qlobal yarımkeçirici səhmlərdə əhəmiyyətli artım qeydə alınıb.
Banco.az xəbər verir ki, bazarlar bu yüksəlişi "Nvidia" şirkətinin baş direktoru Jensen Huangın Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışlarından sonra daha da sürətlənən süni intellekt trendi ilə əlaqələndirir.
İnvestorlar sektorun güclənən fundamental göstəricilərinə və artan tələbə müsbət reaksiya verdikcə, ABŞ texnologiya sektorunun süni intellekt inqilabındakı dominant mövqeyi maliyyə bazarlarında əsas müzakirə mövzusuna çevrilib. Analitiklərin fikrincə, yarımkeçirici sənayesi artıq təkcə texnoloji deyil, həm də strateji əhəmiyyət daşıyan qlobal sektor kimi qiymətləndirilir.
Nikbin əhval-ruhiyyə Asiya bazarlarında da öz əksini tapıb. Cənubi Koreyanın yaddaş çipi istehsalçısı Samsung Electronics şirkətinin səhmləri 5 faiz bahalaşaraq bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib. Bu artım Kospi indeksinin tarixində ilk dəfə 5000 ballıq həddi keçməsinə şərait yaradıb.
Oxşar yüksəliş ABŞ bazarlarında da müşahidə olunub. Filadelfiya Yarımkeçiricilər İndeksi çərşənbə günü "Nvidia" səhmlərinin dəstəyi ilə yeni rekord səviyyəyə çatıb və sektor üzrə optimizmi daha da gücləndirib.
Jensen Huang Davosdakı çıxışında qlobal miqyasda süni intellekt infrastrukturunun qurulmasının trilyonlarla dollar investisiya tələb edəcəyini bildirib. Onun sözlərinə görə, bu proses yalnız çip istehsalı ilə məhdudlaşmır, həm də məlumat mərkəzləri, enerji infrastrukturu və proqram təminatlarını əhatə edir.
Bu açıqlamalar ABŞ Prezidenti Donald Trampın bəzi Avropa ölkələrinə qarşı tarif tətbiqi təhdidindən geri çəkilməsi fonunda investorların risk iştahını daha da artırıb. Analitiklər qeyd edirlər ki, Davosda əsas diqqət artıq tam şəkildə “süni intellekt inqilabı”na yönəlib və Çin hazırda bu qlobal yarışda ikinci mövqedə qalır.
Süni intellektə artan tələbat yalnız çip istehsalçılarına deyil, eyni zamanda avadanlıq təchizatçılarına da müsbət təsir göstərir. Tokioda yerləşən çip avadanlığı istehsalçısı Disco Corp. şirkətinin gözləniləndən daha güclü mənfəət hesabatı açıqlamasından sonra səhmləri 17 faiz yüksəlib.
Dünyanın ən böyük müqavilə əsaslı çip istehsalçısı olan TSMC şirkətinin səhmləri isə 1,7 faiz artım göstərib. Mütəxəssislər bildirirlər ki, süni intellekt infrastrukturlarının genişlənməsi və məlumatların saxlanmasına tələbatın artması sektorda təklifin daha da məhdudlaşmasına səbəb olur və bu da qiymətləri dəstəkləyən əsas amillərdən biridir.
