Müəllif:Mehin Qasımova,Banco.az
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) 2026-cı il İllik İcmal Hesabatına əsasən, qlobal aviasiya ekosistemi dünya iqtisadiyyatına 4,1 trilyon dollar töhfə verir və bütün dünyada 86,5 milyon iş yerini dəstəkləyir.
Banco.az xəbər verir ki, hesabata görə, 2026-cı ildə qlobal aviasiya sektorunun təxminən 5,2 milyard sərnişinə xidmət göstərməsi gözlənilir.
Bu, 2025-ci illə müqayisədə 4,4 faiz artım deməkdir. Hava yükdaşımalarının həcminin isə 71,6 milyon tona çatacağı proqnozlaşdırılır ki, bu da illik 2,4 faizlik artıma uyğun gəlir.
Aviasiya qlobal ticarətin əsas dayaqlarından biri olaraq qalır. IATA-nın məlumatına görə, hava nəqliyyatı hər il təxminən 8 trilyon dollar dəyərində malın daşınmasını təmin edir. Sektorun birbaşa və dolayı təsiri qlobal ÜDM-in təxminən 3,9 faizini dəstəkləyir.
Bununla belə, sektor 2026-cı ildə bir sıra ciddi problemlərlə üzləşir. IATA iyun ayında Yaxın Şərqdəki münaqişə və yanacaq qiymətlərinin kəskin artması səbəbindən aviaşirkətlərin qlobal xalis mənfəətinin 45 milyard dollardan 23 milyard dollara qədər azalacağını proqnozlaşdırıb. Sərnişin tələbinin artım tempinin isə 2,1 faizlə məhdudlaşacağı gözlənilir.
Buna baxmayaraq, uzunmüddətli perspektiv müsbət olaraq qalır. IATA-nın 2026-cı ilin əvvəlində açıqladığı proqnoza görə, qlobal hava səyahətinə tələb 2050-ci ilə qədər indiki səviyyədən iki dəfədən çox arta bilər.
