08 aprel 2015-ci il tarixində Gəncə şəhəri, Heydər Əliyev mərkəzində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və “Paşa Bank”ın dəstəyi ilə region gəncləri və ali təhsil müəssisələrinin tələbələri arasında “Breyn Rinq” intellektual yarışması keçirilmişdir.
Yarışda Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universitetinin tələbələri, həmçinin Gəncə və ətraf bölgələrdən Qazax, Tovuz, Göygöl rayonlarının aktiv gənclərindən ibarət 8 komanda qalibiyyət uğrunda intellekt mübarizəsi aparmışdır.
QKDK tərəfindən təşkil edilən tədbir Azərbaycan Respublikası Prezidentinin16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulmuş qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi məqsədilə həyata keçirilir.
Tədbiri giriş sözü ilə açan Gəncə şəhərinin İcra Başçısının birinci müavini Naqif Həmzəyev iştirakçıları salamlayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi genişmiqyaslı və çoxşaxəli siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə olduğu kimi ölkə regionlarının tarazlı sosial-iqtisadi inkişafının təmin olunmasında böyük nailiyyət əldə edildiyini diqqətə çatdırmışdır. N.Həmzəyev dövlət siyasətinin mühüm tərkib hissəsi olan gənclər siyasəti çərçivəsində gənclərin hərtərəfli inkişafı istiqamətində geniş spektrli tədbirlərin uğurla həyata keçirildiyindən söz açmışdır. İcra başçısının müavini region gənclərinin inkişafına dair dövlət siyasətinin uğurla reallaşdırılmasına dəstək verdiyinə görə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirmişdir.
Daha sonra çıxış edən QKDK aparatının rəhbəri Bəxtiyar Əzizov Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, onların intellektual və yaradıcı potensiallarından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunmasında dövlətin apardığı gənclər siyasətinin önəmli rolundan danışmışdır. B.Əzizov komitə tərəfindən gənclərin fəallığının artırılması, potensialının üzə çıxarılması və intellektual səviyyəsinin yüksəldilməsi üçün geniş şərait yaradıldığını bildirərək, tələbələr və KİV nümayəndələri üçün müxtəlif müsabiqə və seminarların təşkil edilməsinin ənənəyə çevrildiyini vurğulamışdır. QKDK aparatının rəhbəri region gəncləri arasında təşkil olunan Breyn Rinq yarışmasının gənclərin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinə və onlarda iqtisadiyyatın perspektivli sahəsi olan maliyyə, qiymətli kağızlar və fond bazarı haqqında zəruri biliklərin formalaşdırılmasına töfhə verəcəyinə əminliyini ifadə etmişdir.
Tədbirdə çıxış edən Paşa Bankın Gəncə Filialının Biznes Mərkəzinin direktoru Sevil Abbasova maliyyə qurumu kimi müxtəlif növ bank xidmət və məhsulları təklif etməklə yanaşı, Paşa Bankın gənclərin iqtisadi təhsili, işə hazırlığı və gələcəkdə cəmiyyətdə layiqincə yer tutmalarına yardım etmək məqsədilə onların təhsili və inkişafına böyük sərmayələr qoyduğu barədə məlumat vermişdir. S.Abbasova Paşa Bankın QKDK ilə birlikdə bir sıra uğurlu layihə və tədbirlər təşkil etdiyini, bu səmərəli əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini qeyd etmişdir.
Sonda yarışın qaliblərinə sertifikatlar və müxtəlif dəyərli hədiyyələr təqdim olunmuşdur.
QKDK “Breyn Rinq” yarışmasını Azərbaycanda intellektual oyunların inkişafına kömək etmək və gənclərin bu oyunlara marağını artırmaq məqsədilə yaradılmış Azərbaycan İntellektual Klublar Assosiasiyası ilə birgə həyata keçirmişdir.