06 may 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı qonaqları salamlayaraq, Azərbaycanın son dövrlərdə iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən danışmış, ölkənin kapital bazarı sahəsində görülmüş məqsədyönlü tədbirlərin nəticəsi olaraq son illərdə qiymətli kağızlar bazarında artımın müşahidə edildiyini qonaqların diqqətinə çatdırdı. R.Aslanlı qabaqcıl standartlara uyğun, səmərəli fəaliyyət göstərən və tənzimlənən bazarın formalaşdırılması zərurətini qarşısına məqsəd qoyan Azərbaycan Respublikası Prezidentinin16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində əhəmiyyətli nəticələr əldə olunduğunu və proqramın icrası üçün zəruri texniki, təşkilati, məlumat dəstəyini təmin etmək məqsədilə beynəlxalq maliyyə təsisatları ilə birgə layihələrin həyata keçirildiyini vurğuladı. Sədr yerli və beynəlxalq ekspertlərin iştirakı ilə qiymətli kağızlar bazarı üzrə yeni qanun layihəsinin hazırlandığını bildirərək bazarda dövlət tənzimlənməsi və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edən yeni qanunun yaxın zamanda qəbul olunacağına əminliyini ifadə etdi. R.Aslanlı rəhbərlik etdiyi komitənin beynəlxalq təcrübədən geniş şəkildə faydalandığını dilə gətirərək Azərbaycanın kapital bazarlarında ticarət və post-ticarət infrastrukturunu inkişaf etdirilməsi, eləcə də yerli bazarda informasiya sistemlərinin təchizatı və quraşdırılması sahəsində Koreya Birjası ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirdi.
Daha sonra çıxış edən Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyətinin rəhbəri Pier Van Peteghemin yüksək səviyyədə qarşılanmaya görə R.Aslanlıya təşəkkürünü bildirdi. Qonaq ölkəmizdə gedən dinamik sosial-iqtisadi inkişaf tendensiyasının təmsil etdiyi təşkilat tərəfindən diqqətlə izlənildiyini bildirərək AİB-in Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına yeni töhfə vermək niyyətinin olduğunu diqqətə çatdırdı. P.Peteghem AİB-in yerli bazarda istiqraz buraxmaq təşəbbüsü ilə bağlı QKDK və aidiyyəti qurumlarla əməkdaşlığa böyük önəm verdiyini xüsusi olaraq qeyd etdi.
Daha sonra R.Aslanlı Asiya İnkişaf Bankının təşəbbüsünü yüksək qiymətləndirərək, Azərbaycanın kapital bazarında mövcud olan infrastrukturun, likvidlik və dayanıqlılığın bəhs olunan məsələlərin reallaşdırılmasına dəstək göstərəcəyinə əmin olduğunu bildirdi.
Sonda AİB tərəfindən yerli bazarda buraxılması nəzərdə tutulan istiqrazların qeydiyyata alınma prosedurları, təqaüd fondları, sığorta şirkətləri və maliyyə institutları daxil olmaqla, yerli və xarici institusional investorların sözügedən istiqrazlara investisiya qoyuluşunda iştirakı məsələləri və gələcək tərəfdaşlıq strategiyasının prioritetlərinə dair fikir mübadiləsi aparıldı.