Müəllif: Mehin Qasımova/ Banco.az
Qızıl bütün dünyada satılan maliyyə əmtəəsidir. Qızılın qiymətləri yerli olaraq müəyyən edilmir. Bütün dünyada qızıl qiymətləri daim dəyişir və hərəkətdədir.
Dünyada 1 qram qızılın qiyməti 24 saat ərzində müəyyən edilir. Ani qiymətlər dəyişir və tez bir zamanda nağd pula çevrilə bilər.
Bəs qiymətlər necə müəyyən edilir?
İqtisadçı Pərviz Heydərov bildirir ki, dünyada baş verən iqtisadi proseslər qızılın qiymətinə təsir edir:
“Qızıl qiymətlərinə nəzarət edən ölkə ABŞ-dir. Amerikadakı iqtisadi hadisələr, oradakı qurumların siyasətləri, enişlər qızılın qiymətlərinə təsir edir. Qızıl qiymətləri son illərdə Amerikada yaşanan böhranın təsiri ilə artıb və bu təsir hələ də davam etməkdədir. İnvestisiya aləti kimi, qızıl qiymətlərinin dəyişməsi bu amillərdən asılıdır.
Qızılın zərgərlik sahəsində də qiymət dəyişimi var. Dünya üzrə qızıla illik ehtiyac 3000-3500 ton civarındadır. Dünyada zərgərlik məmulatlarına yüksək tələbat göstərən Türkiyə, Hindistan, Çin kimi ölkələrdir. Bu ölkələrdə qiymətlərə yaz və yay toy mövsümlərində zinət əşyalarına artan ehtiyac da təsir edə bilər”.
Ekspert hesab edir ki, böhran dövrlərində qızılın qiyməti çox qalxır və tələbat azalır:
“İnvestisiya məqsədləri üçün tələbat artıqda da qızıl bahalaşır.
Beynəlxalq bazarlarda qızılın dəyəri dollarla ifadə edilir. Buna uyğun olaraq, dolların ucuzlaşması və ya artması da qızıl qiymətlərinə təsir edir. Dollar avro qarşısında dəyər qazandıqda qızıl qiymətləri azalır, dollar avro qarşısında dəyər itirdikdə isə, qızıl qiymətləri artır. Qızıl həmişə böhran dövründə etibarlı sığınacaq olub. Qızıl həm də likvid və özünü maliyyələşdirən investisiya alətidir. Dünyanın istənilən yerində ödənilə bilər”.
İqtisadçı qeyd edir ki, dünya ölkələrində valyuta ehtiyatları həm nağd, həm də qızıl şəklində saxlanılır:
“Qızıl etibarlı yatırım vasitəsidir. Çünki yatırımı pul şəklində saxlamaq qızıl şəklində saxlamaqdan risklidir. Dünyanın aparıcı valyutası ABŞ dolları olsa da, ölkələr yatırımı dollarla saxlamırlar. Bu riskli sayılır. Çünki ölkələr ABŞ iqtisadiyyatında hər hansı bir dəyişiklik olduqda, yəni dolların rolu sarsıldıqda böyük itkilərə yol verməmək üçün ehtiyatlarının bir qismini qızıl şəklində saxlayırlar. Qızılın da qiymətini onun yatırılması amili müəyyən edir.
Dünya investorları qızıla daha çox vəsait xərclədikdə onun qiyməti qalxır. Amma qızıla daha çox yatırım etməyə ehtiyac olmadıqda qızılın qiyməti sabit qalır və yaxud nisbətən ucuzlaşır. Bu, dünya ölkələrinin iqtisadi vəziyyətindən, qlobal iqtisadiyyatdakı proseslərdən, dünya maliyyə bazarlarında ən çox məhsulların alqı-satqı vəziyyətindən və məhsulların qiymət səviyyəsindən asılıdır”.
İqtisadçı deyir ki, neftin qiyməti artırsa, bu deməkdir ki, dollar dəyərini itirir:
“Yəni alıcılıq qiyməti baxımından ABŞ valyutası zəif xarakter daşıyır. Nə vaxt ki, ABŞ dövlət valyutası zəifləyərsə, bu zaman investorların əmanətləri ən çox qızıla yatırdığını və qızılın dəyərinin qalxdığını görərik. Əgər neftin qiyməti aşağı olarsa, bu zaman ABŞ valyutası dəyərə minir və alıcılıq qabiliyyəti yüksəlir. Bu zaman, paralel olaraq, qızılın qiymətinin düşdüyünü müşahidə edəcəyik. Bu, bazarlarda daim müşahidə olunan tendensiyadır və bunun da kökü ondadır ki, qızıl yatırım vasitəsi rolunu oynayır. Beləliklə, qızılın qiymətini qlobal bazarda baş verən tendensiyalar müəyyən edir”.
Bizi sosial şəbəkələrdən izləyin!!