Müəllif: Gülnar Əhmədli, Banco.az
Qlobal bazarlarda qızılın unsiya qiyməti mərkəzi bankların rekord həcmdə alışları və artan geosiyasi risklərin təsiri ilə yanvar ayından bəri ən güclü həftəlik göstəricisini nümayiş etdirib.
Banco.az xəbər verir ki, həftə ərzində 2,39% bahalaşan qızılın unsiyası 101,49 dollar artaraq ötən həftəni 4 342,18 dollar səviyyəsində başa vurub.
Qiymətlərin tarixi maksimuma yaxınlaşması fonunda aparıcı investisiya bankları orta və uzunmüddətli qızıl proqnozlarını yüksəldiblər.
UBS qızılın 2027-ci ilin ilk yarısında 5 000 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırır. Bankın fikrincə, 2026-cı ildə 1 000 tona yaxınlaşacağı gözlənilən mərkəzi bank alışları bahalaşmanın əsas hərəkətverici qüvvəsidir. UBS 4 000 dollar və daha aşağı səviyyələri uzunmüddətli investorlar üçün strateji alış imkanı hesab edir.
Standard Chartered isə qızılın 2026-cı ilin üçüncü rübündə orta hesabla 4 200, dördüncü rübündə 4 650 dollar, uzunmüddətli perspektivdə isə 5 000 dollar səviyyəsinə çata biləcəyini bildirib.
Ən yüksək proqnoz RBC Capital Marketsdən gəlib. Bankın optimist ssenarisinə görə, qızıl 2027-ci ildə 5 296 dollara qədər yüksələ bilər. RBC bu gözləntini mərkəzi bankların güclü alışları və Asiyada investorların zinət əşyaları əvəzinə birbaşa külçə qızıla yönəlməsi ilə əlaqələndirib.
Morgan Stanley Wealth Management 2026-cı ilin sonu üçün 5 200 dollarlıq hədəfini qoruyub. Citibank isə qısa müddətli durğunluqdan sonra ilin son rübündə yüksəliş gözlədiyini və qızılın gələn il 5 000 dolları keçə biləcəyini bildirib.
Deutsche Bank ilin sonuna qızılın dəyərinin təxminən 4 700 dollar olacağını proqnozlaşdırır. Banka görə, mərkəzi bankların alışları, valyuta ehtiyatlarının şaxələndirilməsi və qlobal geosiyasi-maliyyə qeyri-müəyyənliyi qızılın uzunmüddətli görünüşünü dəstəkləyən əsas amillər olaraq qalır.
Bizi sosial şəbəkələrdən izləyin!!
