Müəllif - Fərid islamov - Banco.az
ABŞ-ın idxal rüsumları ilə bağlı vəziyyət və fond bazarlarının enişi fonunda qoruyucu aktivlərə tələbin artması nəticəsində qızılın qiymətləri cümə axşamı keçirilən ticarətlər zamanı rekord səviyyələrə yüksəlib.
Ticarət zamanı spot qızılın qiyməti bir unsiya üçün 3059 ABŞ dollarına çatıb.
COMEX birjasında aprel fyuçersləri isə 1,6% artaraq bir unsiya üçün 3070,1 dollara yüksəlib ki, bu da tarixi maksimumdur. İl başından etibarən qızılın qiymətləri 15,2% artıb.
Daha fəal ticarət olunan iyun müqaviləsi isə ticarət zamanı ilk dəfə olaraq bir unsiya üçün 3100 dollar səviyyəsini keçib.
Çərşənbə günü ABŞ Prezidenti Donald Tramp xaricdə istehsal olunan bütün avtomobillərə 25% gömrük rüsumu tətbiq etmək qərarına gəldiyini açıqlayıb. O, həmçinin Avropa İttifaqı və Kanadaya qarşı tarifləri artıracağını vəd edib, əgər bu ölkələr ABŞ iqtisadiyyatına zərər vuracaq əməkdaşlıq həyata keçirsələr.