Qarabağ turizm mərkəzinə çevriləcək | Banco.az

Qarabağ turizm mərkəzinə çevriləcək

Azərbaycan Ordusunun azad etdiyi Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq. Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev noyabrın 26-da İslam Əməkdaşlığı Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasında çıxış edərkən bəyan edib.

Fuad Nağıyev işğaldan azad edilmiş torpaqların turizm potensialının yüksək qiymətləndirildiyini, burada mövcud olan imkanların həm daxili, həm də beynəlxalq turizmin inkişafı üçün önəm kəsb etdiyini vurğulayıb.

O bildirib ki, işğal dövründə turizm əhəmiyyətli məkanların böyük bir hissəsi məhv edilib, tarixi məscidlər, türbələr və bu kimi digər qədim dini abidələr erməni vandalizmi nəticəsində viran edilərək xarabalığa çevrilib. Fuad Nağıyev, işğal edilmiş torpaqlarda 67 məsciddən 63-nün dağıdılması, məscidlərin tövlə kimi istifadə edilməsi faktları haqqında da danışıb və iclas iştirakçılarını bu vəhşiliyi qınamağa çağırıb.

Agentlik rəhbəri bildirib ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparacaq. Fuad Nağıyev, həmçinin azad edilmiş torpaqlarda dayanıqlı turizmin inkişaf etdirilməsi və dağıdılmış İslam irsinin bərpası üçün COMCEC-lə əməkdaşlıq və proqramların reallaşdırılmasının məqsədə uyğun olduğunu da bildirib.

Agentlik sədri iyun ayında Qəbələ şəhərində “Turizmin inkişafında yerli icmaların rolu” mövzusunda keçirilməli olan, ancaq pandemiya səbəbindən təxirə salınan İslam Ölkələrinin Turizm Nazirlərinin Konfransının 11-ci sessiyasına 2021-ci ildə Bakının ev sahibliyi etməsi üçün müraciət olunacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən İslam Əməkdaşlığı Təşkilatının üzvüdür.

1984-cü ildən bəri hər il Türkiyə Respublikasının sədrliyi ilə İstanbulda təşkil olunan İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin sessiyasında bu il 35 ölkənin nümayəndə heyəti video-konfrans formatında iştirak edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et