Qarabağ Azərbaycanda iqtisadi artımın yeni mənbəyi olacaq | Banco.az

Qarabağ Azərbaycanda iqtisadi artımın yeni mənbəyi olacaq

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanın işğaldan azad olan əraziləri qeyri-neft sektorunun inkişafında xüsusi rolu olacaq.

Banco.az xəbər verir ki, proqnozlara görə, Qarabağ iqtisadi rayonunun həm sənaye, həm aqrar, həm turizm, həm xidmət sektorunda böyük potensialı var. Ekspertlərin qənaətinə görə,  ilkin qiymətləndirmələr  nəticəsində bəlli olub ki,  işğaldan azad olunmuş ərazilərimizin bütövlükdə ÜDM-də payı təxminən 10 faiz-ə qədər yüksələ bilər. Nəticədə, Azərbaycan iqtisadiyyatında səkkiz milyard manatlıq yeni dəyər formalaşa bilər.

Mövzu barədə iqtisadçı-ekspert Eldəniz Əmirov Banco-ya bildirdi ki, azad olunmuş ərazilərimizdə yaradılacaq əlverişli biznes mühiti, mikro, kiçik və orta sahibkarlığın formalaşması qeyri-neft sektorunun dinamik inkişafına əsaslı təkan vermiş olacaq.

“Bu bölgə 99 faiz qeyri-neft sektorunun inkişafına səbəb olacaq təbii imkanlara malikdir. Alternativ enerji mənbələri ilə zəngin olan bu region təkcə Naxçıvandan sonra günəş enerjisi imkanlarına görə ikinci yerdə dayanır. Azad olunmuş torpaqlarımız ölkənin su ehtiyatlarının təxminən dörddə birinə sahibdir.  Bu da həm suvarma sistemində, həm də elektrik enerjisinin istehsalı sahəsində böyük töhvələr verəcək”.

Bölgənin aqrar sahə üçün məhsuldarlığın artırılması istiqamətində  yeni texnologiyaların tətbiqinə ehtiyac olduğunu vurğulayan ekspert qeyd etdi ki, bu addımlar atılarsa  nəticədə idxalı əvəz edən məhsulların yerli istehsal hesabına həcmi və çeşidi artmaqla yanaşı, ixrac yönümlü məhsulların istehsalı da artacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

“Su ehtiyatları məhsuldarlığın artması üçün vacib olan faktorlardan sadəcə biridir. Ərazidə əkiləcək kənd təsərüfat istiqamətli torpaqların potensialının  gücləndirilməsi, müasir texnologiyalar əsasənda toxumçuluğun inkişaf etdirilməsi olduqca mühüm əhəmiyyətə malikdir.  Eyni zamanda burada uyğun toxumların idxal olunması, su ehtiyatlarının ədalətli bölgüsü, peşəkar kadrların bu istiqamətə cəlb olunması da bölgədə məhsuldarlığın artmasına gətirib çıxaracaqdır”,- deyə ekspert bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram