“Qala Həyat”ın yığımları kəskin artıb | Banco.az

“Qala Həyat”ın yığımları kəskin artıb

Dövlət Sığorta Nəzarəti Xidməti bildirir ki, 2014-cü ilin yanvar-fevral ayları ərzində   “Qala Həyat” tərəfindən 5,49 milyon manat sığorta haqları toplanıb ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Belə ki, şirkət ötən ilin ilk iki ayı ərzində 2,05 milyon manat sığorta haqları toplamışdı.
“Qala Həyat” iki aydakı 5,49 milyon manat sığorta haqqının 3,58 milyon manatını yanvarda,  1,91 milyon manatını isə fevralda toplayıb.
Cari ilin yanvar-fevral ayları ərzində “Qala Həyat” Sığorta  Şirkəti tərəfindən 1585 manat sığorta ödənişi həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 59,2 dəfə azdır.

“ATƏŞGAH HƏYAT”IN DA YIĞIMLARI XEYLİ ARTIB
2014-cü ilin yanvar-fevral ayları ərzində “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin yığımları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 59,2% artaraq 8,07 milyon manatdan 12,85 milyon manata yüksəlib. “Atəşgah Həyat”a sığorta haqlarının 7,94 milyon manatı yanvar ayında daxil olub.
“Atəşgah Həyat” Sığorta Şirkəti cari ilin ilk iki ayı ərzində 1,01 milyon manat sığorta ödənişi həyata keçirib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 11,5 dəfə çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

“PAŞA HƏYAT”IN ÖDƏNİŞLƏRİ  3,7 DƏFƏ ARTIB
2014-cü ilin yanvar-fevral ayları ərzində  “Paşa Həyat Sığorta” ASC tərəfindən 4,43 milyon manat sığorta haqları toplanılıb. Ötən ilin anoloji dövrü ilə müqayisədə “Paşa Həyat”ın yığımları 5,7% azalıb.
“Paşa Həyat” sığorta haqlarının 1,69 milyon manatını yanvar ayında, 2,74 milyon manatını isə fevral ayında toplayıb, başqa ifadə ilə fevral ayı ərzində yanvar ayı ilə müqayisədə şirkətin yığımları 62,1% artıb.
İlk iki ayda şirkətin həyata keçirdiyi sığorta ödənişləri isə ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 3,7 dəfə artaraq 98,5 min manatdan 361,3 min manata yüksəlib.

İKİ AYDA HƏYAT SIĞORTASI BAZARI 23 MİLYON MANAT TƏŞKİL EDİB
Qeyd edək ki, 2014-cü ilin yanvar-fevral ayları ərzində könüllü həyat sığortası üzrə 17,36 milyon manat, icbari həyat sığortası üzrə isə 5,41 milyon manat sığorta haqları toplanıb. Könüllü həyat sığortası bazarında 66,8%, icbari həyat sığortası bazarında isə 23% artım qeydə alınıb.

Mənbə: fins.az