Putin süni intellektin inkişaf etdirilməsini əmr edib | Banco.az

Putin süni intellektin inkişaf etdirilməsini əmr edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kreml Rusiya Prezidenti Vladimir Putinin Rusiya hökumətinə süni intellektlə bağlı verdiyi yazılı göstərişi yayımlayıb.

Banco.az xəbər verir ki, buna əsasən, Rusiya hökuməti Rusiya Mərkəzi Bankı, “Sber”, “Yandex” və müxtəlif qurumlarla birgə süni intellekt sahəsində yeni texnologiyalar inkişaf etdirəcək, sözügedən sahədə atılmalı olan yeni addımlarla bağlı təkliflər hazırlayacaq.

Putin iqtisadiyyat, sosial sahələr və dövlət idarəçiliyi sektorlarında süni intellekt texnologiyalarının tətbiqi üçün milli planın hazırlanması barədə də göstəriş verib, eyni zamanda Rusiya istehsalı olan süni intellekt modellərinə tələbin artırılması üçün zəruri tədbirlərin görülməsini istəyib.

Rusiya Dövlət Nüvə Enerjisi Qurumu “Rosatom” isə xarici ölkələrdə nüvə elektrik stansiyalarının tikintisinə dair təkliflərə məlumat emalı mərkəzlərinin inşası ilə bağlı proseslərin də daxil edilməsini qiymətləndirmək vəzifəsi ilə tapşırılıb.

Vladimir Putin dekabrın 25-də verdiyi açıqlamada dünyanın texnologiya sahəsində kritik bir transformasiya mərhələsindən keçdiyini bildirərək, “Gələcək 10–15 il ərzində dünya tarixində görünməmiş böyük bir texnoloji sıçrayış baş verəcək” ifadəsini işlətmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram