Ufada üç qitənin nəhənglərini başına toplayan Vladimir Putin savaş planı cızır.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və BRICS ölkələrinin Ufada keçirilən sammitinə qərb media quruluşları heç fikir verməsə də, Rusiya mətbuatı böyük ümid bəsləyir.
Rus KİV-ləri planetin əhalisinin, demək olar ki, yarısının və dünya ümumi daxili məhsulunun üçdə birinin bu ölkələrin payına düşdüyünü vurğulayır.
2001-ci ildə Çinlə postsovet məkanının Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan kimi ölkələri tərəfindən yaradılmış ŞƏT-ə digər postsovet ölkələri ilə yanaşı Pakistan, Hindistan və Türkiyə kimi iri Asiya ölkələri də maraq göstərir. Rusiya, Çin və Hindistanla yanaşı Braziliya və Cənubi Afrika Respublikasını birləşdirən BRICS isə ən sürətlə inkişaf edən iri ölkələri əhatə edir. Bu ölkələrin dünya iqtisadiyyatı üçün çox vacib olan böyük sayda resurslara malik olması onları daha da əlverişli vəziyyətə çıxarır.
Amma istənilən halda, Başqırdıstan paytaxtı Ufada keçirilən sammitə ev sahibliyi edən Rusiya üçün ən əlverişli qonaq dünyanın ikinci iqtisadiyyatının sahibi Çindir. Çin lideri Şi Çinpinq ölkəsinin ən önəmli siyasətçilərini özü ilə Ufaya gətirir. Rusiya lideri Vladimir Putin Çinin böyük nümayəndə heyətinin üzvlərinin çoxu ilə demək olar ki, şəxsən görüşür. Rus liderinin bu ehtiramının səbəbi aydındır: Moskva və Pekin artıq qarşılıqlı hesablaşmalarda dollardan imtinaya hazırdırlar.
Krımın ilhaqından sonra Qərbin sanksiyaları ilə üzləşmiş Vladimir Putin yeni soyuq müharibənin yaratdığı düşmənlərə qarşı Çinin yardımına arxalandığını gizlətmir: "Gizlətməyəcəm, Çindən olan dostlarımızı görmək mənim üçün xüsusilə xoşdur. İqtisadiyyatda və beynəlxalq siyasətdə qarşılaşdığımız çətinlikləri yaxşı bilirik. Amma biz şəksiz ki, güclərimizi birləşdirərək, qarşımızdakı bütün problemlərin öhdəsindən gələ bilərik", - deyə Putin Şi Çinpinqlə görüşü zamanı vurğulayıb.
Rusiya liderinin Hindistana ümidləri isə yeni neft bazarı ilə bağlıdır. Rusiya mətbuatının yazdığına görə, yaxın 10 il ərzində Rusiya Hindistana ildə 100 milyon ton neft göndərəcək. "Bu bizim Hindistandakı ən strateji layihələrimizdən biridir. Perspektivdə emal həcminin indiki 20 milyon tondan 45 milyon tona qaldırılmasını, yanacaq doldurma stansiyalarının sayını indiki 1600-dən 5 minə qədər qaldırılmasını nəzərdə tutur", - deyə Rusiyanın dövlət neft şirkəti "Rosneft"in prezidenti İqor Seçin bildirib.
Göründüyü kimi, Rusiya itirdiyi bazarların yerini iqtisadi artımda Çini ötməyə çalışan Hindistanda tapmağa çalışır. Amma hələ ki, Hindistan Çini izləməkdədir. Elə Ufa sammitinə də Narendra Modi Çin liderindən sonra gəlib. Vladimir Putin qonaqla görüşündə xüsusilə nəzakətli olub və qədim hind ənənəsi olan yoqaya böyük hörmət bəslədiyini bildirib. Narendra Modi isə məhz Rusiyanın sədrlik etdiyi bir dönəmdə Hindistanın ŞƏT-in tam hüquqlu üzvü olmasından qürur duyduğunu vurğulayıb.
Putin ölkəsinin Afrikada ən etibarlı tərəfdaşının Cənubi Afrika Respublikası (CAR) olduğunu da vurğulayıb. "Biz demək olar ki, bütün istiqamətlərdə əməkdaşlıq edirik. Bu, iki tərəfli formata da, beynəlxalq təşkilatlar çərçivəsində işə də aiddir", - deyə Rusiya prezidenti bildir. CAR prezidenti Ceykob Zuma da borclu qalmayıb: "Əsas bir şeyi demək istəyirəm: CAR - Rusiyanın gerçək və sadiq dostudur. Bu, həmişəlik belə olacaq".
Beləliklə, üç qitəni təmsil edən ərazidə və əhalicə qoca, amma iqtisadiyyatca cavan olan nəhənglər Ufaya yığılaraq dünya iqtisadiyyatının avtoriteti olan dollara hansısa bir zərbə vurmaq istəyirlər. Rusiya mətbuatı bu ölkələrin toplam ÜDM-nin 12 trilyon dollar olduğunu vurğulayır. Amma onlar dolların arxasında duran və 17 trilyon dollar ÜDM-ə malik olan ABŞ iqtsadiyyatına qələbə çala biləcəklərmi? Aqillər demişkən, bunu zaman göstərir. Çünki indi bu, çox mümkünsüz görünür.
anspress.com