Azərbaycanda aprelin 10-dan mayın 10-adək keçirilən Ticarət Festivalı zamanı alış-verişdə ödədiyiniz ƏDV-ni geri ala bilərsiniz.
Bu imkandan istifadə etmək üçün Ticarət Festivalı keçirilən yerlərdə alış-veriş etmək və əldə etdiyiniz mallara görə ödədiyiniz ƏDV məbləğini geri ala bilərsiniz.
Bu imkandan kimlər istifadə edə bilər?
Azərbaycan vətəndaşları, əcnəbilər və vətandaşlığı olmayan şəxslər bu imkandan istifadə edə bilər.
Bəs ödənilmiş ƏDV-ni necə geri qaytarmaq olar?
3 mərhələdə siz rahat qaydada ödədiyiniz ƏDV-ni geri ala bilərsiniz. Bu mərhələləri izah edək:
1. Ticarət Festivalları keçirilən xüsusi məkanlarda alış-veriş etmək lazımdır.
Ticarət Festivalları keçirilən xüsusi MƏKANLAR
Ticarət Festivalı keçirilən yerdə alış-veriş etdiyiniz zaman satıcıya ƏDV-nin qaytarılması imkanından istifadə etmək istədiyiniz barədə məlumat verin. Daha sonra ƏDV-ni qaytarmaq hüququ verən e-VHF-nı doldurulması üçün satıcıya şəxsiyyətinizi təsdiq edən sənədi təqdim edin. Satıcı şəxsiyyət vəsiqənizdəki məlumatları sistemə daxil etdikdən sonra sizə 2 nüsxədə imzalanmış, möhürlə təsdiq edilmiş e-VHF-nı təqdim edəcək. E-VHF-da digər məlumatlarla yanaşı ödənilmiş ƏDV-nin məbləği və ƏDV-nin qaytarılacağı son tarix göstərilir.
Qeyd: TAX FREE imkanından istifadə etmək üçün sizin bir e-VHF üzrə aldığınız malların dəyəri ƏDV ilə birlikdə 100 manatdan çox olmalıdır!
2. ƏDV köşklərinə müraciət etmək lazımdır
Əldə etdiyiniz malı e-VHF ilə birlikdə Ticarət Festivalı dövründə fəaliyyət göstərən ƏDV köşklərindən (TAX REFUND) birinə təqdim edin. ƏDV köşkündə vergi orqanı əməkdaşı yoxlama apardıqdan sonra E-VHF-da xüsusi qeydlər etməklə onu möhürləyib sizə geri qaytaracaq.
ƏDV köşkləri və onların ünvanları aşağıdakı cədvəldə göstərilmişdir:
ƏDV köşkləri |
Ünvanı |
28 Mall |
Bakı, Azadlıq prospekti ilə Füzuli küçəsinin kəsişməsi, AZ 1000 |
Nərgiz Mall |
Bakı, Səbail rayonu, Nizami küçəsi 42, AZ 1000 |
Port Baku |
Bakı, Səbail rayonu, Neftçilər prospekti 153, AZ 1010 |
Park Bulvar |
Bakı, Səbail rayonu, Neftçilər prospekti 1, AZ 1001 |
Metro Park |
Bakı, Nərimanov rayonu, Təbriz küçəsi 106A, AZ1000 |
Gənclik Mall |
Bakı, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, AZ 1000 |
Qeyd: ƏDV malların alındığı gün ərzində qaytarılır
3. ƏDV məbləği necə geri alınır?
Təsdiq olunmuş e-VHF-nı müvəkkil banka təqdim edirsiniz.
Seçdiyiniz metoddan asılı olaraq ödəniş milli valyutada aşağıdakı qaydada həyata keçirilir:
1) Nağd qaydada – banka ƏDV köşkündə təsdiq edilmiş e-VHF təqdim edildikdə;
2) Nağdsız qaydada (köçürülmə yolu ilə) –istədiyiniz bank kartının (və ya hesabının) rekvizitləri barədə qeyd olunmuş e-VHF-nı ƏDV köşkündə xüsusi qutuya atdığınız tarixdən sonrakı 10 iş günü ərzində.
ƏDV məbləğini geri ala biləcəyiniz bankların, onların ƏDV qaytarılan filiallarını və onların ünvanlarını aşağıdakı siyahıdan görə bilərsiniz:
Bank |
Filiallar |
ASB Bank |
Baş ofis Zərifə Əliyeva küç.3 (Fəvvarələr meydanına yaxın), “Park Bulvar” filialı, Dənizkənarı Bulvar, Bakı şəh. Neftçilər prospekti, AZ1095 |
Bank Silk Way |
Bakı şəhəri, Baş ofis, Həsən Əliyev küçəsi 131/a (Gənclik metrosunun yaxınlığı)
“1 saylı” filial, Nizami küçəsi 142/a (28 may metrosunun yaxınlığı)
Bakı, Gəncə, Qəbələ, Lənkəran hava limanındakı şöbələri, Şəhər Dəniz limanındakı şöbəsi |
Kapital Bank |
“28 May” filialı – Nəsimi rayonu, Azadlıq prospekti 26
“Gənclik Mall” filialı – Fətəli Xan Xoyski pr., Gənclik Mall 1. mərtəbəsi |
Paşa Bank |
“Port Baku” filialı, Neftçilər prospekti 153, AZ 1010 |
Yapı Kredi Bank Azərbaycan |
“28 may” filialı, Rəşid Behbudov 8 (M. F. Axundov adına kitabxananın yaxınlığı)
“Səbail” filialı, İSR Plaza 1-ci mərtəbə, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 69
“Metro Park” filialı, Nərimanov rayonu, Təbriz küçəsi 106A, AZ1000 |
*Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə ödənişin nağdsız qaytarılması nəzərdə tutulduğu halda, şəxsin istəyinə uyğun ödəniş xarici valyutada bank kartına (və ya hesabına)köçürmə qaydasında qaytarıla bilər.
Bu mallara görə ödənilmiş ƏDV geri qaytarılmır:
aksizli mallara; ərzaq mallarına; dərman preparatları və tibbi ləvazimatlarına; ölkə daxilində satışı ƏDV-dən azad edilən mallara; çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlara; külçə şəklində qiymətli metallara; nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə.