Pulumuzu nəyə yatıraq - qızıl, əmlak yoxsa sığorta? | Banco.az

Pulumuzu nəyə yatıraq - qızıl, əmlak yoxsa sığorta?

Müəllif: Gülnar Əhmədli, Banco.az

İnsanlar həmişə daha çox və daha sürətli pul qazanmağın yollarını axtarırlar. Hazırki dövrdə daha çox gəlir əldə etmək üçün düzgün yatırım alətlərindən birini seçmək lazımdır. Yatırım etmək gələcəyi düşünmək deməkdir. Gələcəyə sərmayə qoymağın əsas məqsədi əlinizdəki vəsaiti qorumaq, eyni zamanda qazanc əldə etməkdir.

Lakin nəyə yatırım edəcəyimizi bilmiriksə zərərlə üzləşə bilərik. Ona görə də bazarı düzgün araşdırmaq və doğru qərar vermək lazımdır.

Banco.az sizin üçün bir neçə yatırım növləri ilə bağlı araşdırma edib, iqtisadçı-ekspertlərin fikirlərini öyrənib.

Bu məqalədə qızıl, daşınmaz əmlak və həyatın yaşam sığortası barədə məlumat hazırlamışıq.

Gəlirli maliyyə alətlərindən biri olan qızıl bütün dövrlərdə və dünyada ən çox istifadə olunan investisiya alətidir. Azərbaycanda da bu tendensiya belədir. Bir az vəsaiti olan hər kəs qızılın hər zaman dəyərli olduğunu və gələcəkdə də bahalaşacağını düşünərək qızıl alır.

İqtisadçı-ekspert Cəfər İbrahimli bildirib ki, qızıl hər zaman güvənli investisiya aləti olub: "Qızıla həm ölkələrin suveren fondları, həm mərkəzi bankları, həm şirkətlər aktivlərinin bir hissəsi kimi, həm investisiya şirkətləri, eyni zamanda fərdi şəxslər də fiziki və ya elektron şəkildə - birjalardan alaraq, yatırım edirlər. 2008-ci il böhranı başlayanda qızılın unsiyasının qiyməti 700-800 dollar idi, indi həmin qiymət 2 000 dollaradək çatıb. Düzdür, burada qızılın maya dəyərinin artmasın da rolu var. İstehsalın maya dəyəri hazırda 1 300 dollardan yuxarı, qızılın qiyməti isə 2 000 dollar civarındadır. Və bu qızılın son 5-6 ildəki ən yüksək nöqtəsidir. Qızılın bahalaşıb-ucuzlaşacağını indidən proqnozlaşdırmaq çətindir. Gördüyümüz odur ki, qlobal iqtisadiyyatlarda problem yarandıqca mütəmadi olaraq güvənli maliyyə aləti kimi qızıla tələbat artır. Buna görə də qızılın qiyməti yüksəlir".

İnsanların etibar etdiyi digər yatırım aləti isə daşınmaz əmlakdır. Çünki demək olar ki, daşınmaz əmlak ən risksiz investisiya alətidir. Bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev daha ətraflı misallarla izah edib:

"Təqribən 20 ilin statistikasına nəzər salsaq görərik ki, Bakı şəhərində hər hansısa metrostansiyaya yaxın və yaxud metrodan kənar 1 otaqlı köhnə tipli mənzillərin qiyməti 5-6 min, 2 otaqlıların qiyməti 7-8 min, 3 otaqlıların qiyməti isə 10-12 min manat civarında dəyişirdi. Bu illər ərzində qiymətlər süni və ya təbii şəkildə, demək olar ki, 10 dəfəyədək artıb. Hazırda paytaxtın mərkəzə yaxın ərazilərində 1 otaqlı köhnə tikili binalardakı mənzillərin satış qiyməti 80-100 min, 2 otaqlılar ərazisinə görə 100-140 min, 3 otaqlılar isə ərazisinə görə təxminən 130-180 min manat arasında dəyişir. Yeni tikili binalarda da 2000-ci ilin əvvələrində 1 km2 mənzilin qiyməti 250-400 manat arasında dəyişirdisə, hazırda bu qiymətlər ərazidən asılı olmayaraq 1200 manatdan 4000 manata qədər dəyişir".

Ekspert bildirib ki, daşınmaz alan şəxslər həmin əmlakı kirayə verərsə, aldığı gündən etibarən hər ay təxminən həmin əmlakın 0,5%-i qədər qazanc əldə edirlər: "Yəni, 100 min manatlıq bir əmlakın aylıq kirayə qiyməti 400-500 manatdır ki, bu da o deməkdir ki, vətəndaş əmlaka etdiyi yatırımın müəyyən hissəsini illər sonra sırf kirayə yolu ilə geri alır: “Qiymət artımları səbəbi ilə də həmin əmlakların dəyəri ilbəil artır. Son 4-5 ildə daşınmaz əmlakların satış qiyməti 10-20% artıb. Azərbaycanda, xüsusən böyük şəhərlərdə, Bakıda ən əlverişli yatırım daşınmaz əmlakdır".

Ən sərfəli kredit üçün müraciət et

Digər bir yatırım növü isə həyatın yaşam sığortasıdır. Azərbaycanda son bir neçə ildə bu sığorta növünə maraq artıb. Belə ki, bunu artan sığorta yığımlarından da aydın görmək olar. Bu ilin ilk 6 ayında həyatın yaşam sığortasına yatırılan vəsaitlərin həcmi 273 milyon 665 min manat olub. Bu da ötən ilin ilk 6 ayı ilə müqayisədə 42,8% çoxdur.

Bu sığorta növü həm investisiyadır, həm də həyatınızın sığortadır. Bəs sistem necə işləyir? Əvvəlcə şirkətlə sığortaolunan arasında müqavilə imzalanır. Və hər ay həyat sığortası şirkətinə sığorta məbləği ödənilir. Sığorta şirkəti isə müqavilə müddətinin sonunda ödənilən ümumi vəsaiti, bu vəsaitə hesablanan gəlir faizini, eyni zamanda həmin vəsaitə görə hesablanmış sosial sığorta və vergi haqqını birlikdə vətəndaşa geri verir.  

Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov bildirib ki, ölkəmizdə həyatın yaşam sığortasının 2 forması var: icbari və könüllü: "Birincisi icbari formada olan istehsalatda bədbəxt hadisələrdən sığortadır ki, burada işəgötürən müqaviləsi olan hər işə götürdüyü şəxsin məcburi şəkildə həyatını sığortalayır və hansısa hadisə baş verərsə, onu kompensasiya edir. Digər isə könüllü sığortadır. Sosial ödənişlərlə bağlı əməkhaqqının 50%-nə qədərini könüllü sığorta növü üzrə sığortalaya bilərsiniz. Bu da investisiya kimi düşünülə bilər. Hansıkı Dövlət Sosial Müdafiəsi Fonduna (DSMF) ödənilən məbləğ yığılır və 3-5 il sonra həmin məbləği geri götürə bilirsiniz. Bu da investsiya kimi hər hansısa bir yerdə istifadə oluna bilər. Qeyd etmək istərdim ki, hazırda özəl pensiya fondları müzakirədədir. Həmin fondların müzakirəsi zamanı, həyat sığorta şirkətləri ilə də müzakirələr aparılır. Ehtimal var ki, özəl pensiya fondları həyat sığorta şirkətlərinin hər hansısa xidmətləri üzrə fəaliyyət göstərə biləcək. Bu o deməkdir ki, gələcəkdə həmin məbləğlərdən investisya kimi istifadə oluna biləcək. Həyat sığorta şirkətləri də investisiya kimi bu məbləğlərlə bağlı qərar verə biləcəklər".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram