Pulları kiber-cinayətkarların hücumundan necə qorumaq olar? | Banco.az

Pulları kiber-cinayətkarların hücumundan necə qorumaq olar?

Dünyada hər saniyə 12 nəfər insan kiber-cinayətlərin qurbanı olur. Əgər əsəblərinizi və pullarınızı qorumaq istəyirsinizsə, o zaman aşağıda qeyd olunan sadə qaydaları diqqətdən qaçırmayın.

- İnternet üzərindən alış-veriş edən zaman çox aşağı qiymətlə təklif olunan məhsullardan uzaq durmağa çalışın. Unutmayın ki, pulsuz pendir yalnız tələdə olur. Satıcıya zəng edin və məhsul haqqında verilən bütün məlumatları dəqiqləşdirin. Əgər onun cavabı sizi qane edərsə, o zaman bu məhsulu almağa razılıq verin. Alış-veriş zamanı əvvəlcədən kredit kartı vasitəsilə ödəniş etməyin. Yalnız məhsul sizin qeyd etdiyiniz ünvana çatdırıldığı zaman ödəniş etməyə çalışın. İnsaflı satıcılar məhsulu kuryer və ya ödəniş qiyməti ilə birlikdə göndərirlər. Bununla yanaşı, hal-hazırda əksər mağazalar məhsulun çatırılması zamanı nağdsız ödənişin tətbiqinə üstünlük verirlər. Bu halda kuryer tranzaksiya əməliyyatını həyata keçirmək üçün lazımi avadanlıqları özü ilə gətirir.

- Əgər gizli nömrə ilə sizə zəng edən şəxs özünü bank işçisi kimi təqdim edir və hesab nömrəsi kimi şəxsi məlumatlarınızı səsləndirməyi tələb edirsə, o zaman heç çəkinmədən dəstəyi asa bilərsiniz. Unutmayın ki, heç bir bank məxfi məlumatları telefon danışığı zamanı tələb etmir.

- Əgər sizin telefonunuza lotereya haqqında mesaj gəlibsə və lotereyada iştirak etmək üçün müəyyən məbləğdə ödəniş etməyiniz tələb olunursa, o zaman həmin mesajı cavabsız qoyun. Bu mesaj sizin hesabınızdan pul oğurlamaq istəyən dələduzların növbəti oyunudur.

- "Bankın təhlükəsizlik xidməti" tərəfindən şəxsi məlumatlarınızın tələb olunduğu elektron məktubları cavabsız qoyun. Habelə, qeyd olunmuş linkə keçid almağı nəzərdə tutan elektron məktublardan da uzaq durun. Belə məzmunlu məktubları cavablandırmaqla, siz özününzü fırıldaqçıların qanunsuz əməllərinin qurbanına çevirə bilərsiniz. Bu məktublar sayəsində onlar kart sahibindən şəxsi plastik kartı barəsində gizli məlumatları əldə etməyə çalışırlar.

Ən sərfəli kredit üçün müraciət et

- Bank kartınızı kənar şəxslərə həvalə etməyin. Əgər bank kartı vasitəsilə əməliyyat həyata keçirmək üçün tələb olunan məlumatlar (pin-kod və s.) kənar şəxslərin əlinə keçsə, o zaman hesabınızdan oğurlanmış pulları geri qaytarmaq mümkünsüz olacaq. Hətta restoranda hesabı ödəyən zaman kartı ofisianta vermək məsləhət görülmür. Çünki ofisiantın sizin kartınızdan bütün vacib məlumatları oğurlamayacağına heç kim təminat vermir.

- Üzərində bank haqqında məlumatın (ünvan və telefon) olmadığı bankomatlardan istifadə etməməyə çalışın. İnsanların sıx toplaşdığı yerlərdə, eləcə də, ümumiyyətlə, heç kimin olmadığı məkanlarda bankomatlardan istifadə etməməyə diqqət yetirin. Çünki ətrafda heç kim olmadıqda bankomatdan pul çıxaran şəxs daha tez nəzərə çarpır və oğrular üçün olduqca zəif obyektə çevrilir. İnsanların sıx olduğu yerlərdə isə bankomatdan pul çıxaran zaman istifadəçi tərəfindən daxil edilən PİN-kodu digər şəxslərin görmədiyindən əmin olmaq olmur.

- İnternet üzərindən alış-veriş edən zaman ödənişləri ayrıca kart vasitəsilə həyata keçirin. Həmin kartda isə tələb olunan məbləği yerləşdirin.

- Sizin kartınız vasitəsilə həyata keçirilən tranzaksiya əməliyyatlarını diqqətlə izləyin. Şübhəli əməliyyatlar keçirildiyi təqdirdə dərhal banka müraciət edin.

- Bank kartını kiber-cinayətkarların hücumundan qorumaq üçün onları sığortalamaq mümkündür. Hal-hazırda bir çox banklar müştərilərini bu təhlükədən qorumaq məqsədilə sözügedən xidmət növünü təklif edirlər.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et