Aida İsaq, Banco.az
Müasir dövrdə maddi, sosial və mədəni maraqları əhatə edən məhsul növü olaraq puldan istifadə olunur. Tarixi mənbələrin qeyd etdiyinə görə, bu valyuta vahidi insanların yaşayış cəmiyyətindən uzun illər sonra kəşf olunsa da, hazırda həyatımızda əhəmiyyətli rol oynayan faktora çevrilib. Gündəlik istifadə olunan geyimlərin, qida məhsullarının, müxtəlif xidmətlərin, ümumiyyətlə insanların yararlandığı bir çox fəaliyyət sahələrinin dəyəri pul ilə öçülür. Eyni zamanda pul dəyər ölçüsü olmaqla yanaşı zehni və psixoloji inqilaba da təkan verib. Əgər əvvəllər insanlar sadəcə öz ətraflarındakı şəxslərlə əlaqələr qururdusa, zaman keçdikcə pul vəsaitlərinin formalaşdırdığı ticarət əlaqələri dünyanın dörd bir yanında münasibətlərin yaranmasına səbəb oldu. Beləliklə, pul insanlar arasında yeni ünsiyyət modelinin formalaşmasına gətirib çıxardı. Hazırda isə sözügedən maliyyə vəsaiti bir çox sahələri əhatələyib ki, bu bir növ insanlarda asılılıq hissini formalaşdırıb. Bəs, həqiqətən puldan asılı vəziyyətdə yaşamaq nə dərəcədə düzgündür?
Bu istiqamətdə psixoloq mütəxəssis Ofeliya Əliyeva Banco.az-la fikirlərini bölüşüb.
“Biz hazırda bu və ya digər mənada müəyyən qədər puldan asılı vəziyyətdə yaşayırıq. Hazırda ümumi ölçü vahidi vardır ki, insanlar buna uyğun təlabatlarını qarşılayır. Diqqət yetirsək, dünyaya təzə göz açan körpənin təhlükəsizliyini təmin etmək üçün onu ev şəraiti ilə təmin etmək tələb olunur. Ancaq bunun özünü də gerçəkləşdirmək üçün müəyyən dərəcədə pula ehtiyac yaranır. Yaxud da, gündəlik istifadə olunan geyimlər, ərzaq məhsulları və digərlərini pul vasitəsi ilə əldə edirik. Bundan başqa müasir dövrdə dünya üzərində mükəmməl şəkildə marketinq sistemi təşkil olunub. Məsələn, insanlar həmişə sahib olduqları geyimlərdən daha yaxşısını və bahalısını almağa meyilli olurlar ki, qiymətindən asılı olmayaraq bu geyimlər də eyni funksiyanı həyata keçirir. Çünki pul yeni sosial münasibətlərə zəmin yaradıb ki, bunun sayəsində insanlar geyimləri ilə öz statuslarını, mövqelərini nümayiş etdirməyə çalışırlar. Beləliklə, insanlarda dayanmadan alış-veriş etmə sindromu yaranır.
Hazırda cəmiyyətin yarıdan çoxunu işləyənlər kütləsi təşkil edir. İşsizlər olan qrupa da müəyyən qədər maddi baza daxil olur ki, onlar ehtiyaclarını qarşılayaraq həyatlarını davam etdirirlər. Bu da onu göstərir ki, pulun müəyyən stabil həddi var ki, biz ondan asılıyıq. Emosinal cəhətdən razılaşmaq olar ki, pul çox olduqca insan əhvalına da öz təsirini göstərir. Lakin bir məqamı xüsusi vurğulamaq lazımdır ki, müəyyən qrup insanlar pulu qazanmağa meyilli olduğu halda, digər kütlə onu necə xərcləməyə fokuslanırlar. Birincilərə daha çox pul qazanmaq motivasiya verir ki, bu da onu maddi vəsaitlərdən asılı vəziyyətə düşməsinə gətirib çıxarır. Bu tip insanlar özünü ifadə etmək, təsdiqləmək üçün puldan başqa bir variant fikirləşə bilmirlər. Beləliklə, emosional ehtiyaclarını maddi baza vasitəsi ilə qarşılamağa çalışırlar ki, əslində pulun digər tələbatların ödənilməsində lazımlı olduğunu unudurlar.
Nəzər salsaq görərik ki, bəzən bir qrup fərdlər qarşı tərəflə ünsiyyət qurmağa çalışanda öz maddiyatını ön plana çəkir. Yəni özünü şəxsiyyət olaraq təqdim etməkdən çəkinir. Bu isə özgüvən problem ilə birbaşa əlaqəlidir.
Başqa bir nüansa diqqət yetirək. Uşaqlar istədiklərini ağlayaraq əldə edə bilirlər. Yəni onlar ağlayan kimi bir çox valideynlər həmin uşaqların istəklərini həyata keçirirlər. Bunun özü uşaqlar üçün motivasiya rolunu oynayır. Beləliklə, ona əldə etdiyi nəticədən daha çox istəmək hissi motivasiya verir. Nəticədə cəmiyyətdə “doyumsuz” fərd yetişir. Bunun sayəsində həmin insanlar gələcəkdə pula qarşı da eyni hisslə yanaşırlar. Unutmaq olmaz ki, pul həyatımızda bir çox şeylərin həllinə yardımçı olsa da, hər şeyi əhatələmir.”
Bizi sosial şəbəkələrdən izləyin!!