Bu gün dünyada, o cümlədən ölkəmizdə də plastik kart istifadəçilərinin sayı durmadan artır.
Kart istifadəçiləri bəzən bu sahədə kifayət qədər məlumatlı olmaması hüquqlarının pozulmasına gətirib çıxarır. Hazırda bütün dünyada plastik kartların təhlükəsizliyi məsələsi müzakirə mövzususdur. Çünki bəzən mütəşəkkil cinayətkar dəstələr tərəfindən bankomatlara əlavə avadanlıqlar qoşulur və nəticədə vətəndaşların külli miqdarda pulu mənimsənilir. Necə ki, bir müddət əvvəl paytaxtın bir neçə rayonunda bankomatlara kamera yerləşdirərək vətəndaşların pulunu və kartlarının şifrələrini ələ keçirən bir qurup çinli vətəndaş saxlanılmışdı.
Plastik kartlar vasitəsilə həm də internet üzərindən alış-veriş etmək mümkündür. Bunu olduqca riskli əməliyyat hesab edən mütəxəssislər hazırda plastik kartların bölüşdürülməsi, əldə edilməsi üçün çoxlu sayda saxta internet saytları yaradıldığını deyirlər. Ona görə də hər hansı bir internet saytından istifadə edərkən səhifənin aşağı hissəsində sekyuriti sistem, yəni təhlükəsizlik sistemi sözünün yazılması mütləqdir. Çox təəssüf ki, bu gün paytaxt sakinlərinin əksəriyyəti bütün bunlardan bixəbərdir və kartların təhlükəsizliyi məsələsinə o qədər də önəm vermirlər.
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, bank kartlarının pin kodunun üçüncü şəxsə verilməsi yolverilməzdir. Kartların üzərinə pin kodun yazılması da təhlükəli məqamlardandır. Digər bir təhlükəli məqamsa, plastik kartlar vasitəsilə alış-veriş edərəkən verilən çekləri yerə atmaqdır. Buna görə də kart sahibləri daha da diqqətli olmalıdır.
Hər halda hər şey kart sahibinin öz məsuliyyətindən asılıdır. Əgər plastik kartlarınızla bağlı problem varsa, o zaman kartı verən təşkilatı bu barədə dərhal məlumatlandırın.
ANS TV