Müasir şəhər sakinləri kitab oxumağa vaxt tapmadıqlarından gileylənirlər. Əslində bu, insanın istək və prioritetlərindən asılıdır. Əgər planetin ən varlı insanları məhdud zamana baxmayaraq bədii qiraətə vaxt ayıra bilirsə, sıravi insanlar da bunu bacarar. Bill Qeyts, Mark Zükerberq, Ceff Bezos, Riçard Brenson və İlon Maskın sevimli kitablarına nəzər yetirək.
Həmçinin oxuyun: Dünyanın ən zəngin insanlarının ilk biznesi nə olub?
Bill Qeyts
“Microsoft”un yaradıcısı məktəbdə sosialogiya və ingilis dili dərslərindən qaçırdı, əvəzində riyaziyyat və fizikaya üstünlük verirdi. 10 il əvvəl şirkət rəhbəri vəzifəsini tərk etdikdən sonra milyarderin kitab oxumağa çox vaxtı olub.
Qeyts hətta öz bloqunda müəllifləri müzakirəyə dəvət edən rəylər də yazır. Paylaşımlarının birində abunəçilərinə tövsiyə edir ki, dostu, Harvard professoru, psixoloq Stiven Pinkerin müəllifi olduğu “Maarifləndirmə bu gün” kitabı ilə tanış olsunlar. Bu əsər müasir insanların ehtiyac duyduğu rasionalizm, pozitivizm və nikbinliyi müdafiə edir. Bill Qeytsin özünün təhsil və elmi layihələrini nəzərə alsaq, bu seçimi təəccüblü deyil. Özü də 90-cı illərdə kitablar yazıb: “Gələcəyə gedən yol” və informasiya texnologiyalarının gələcəyi haqqında “Düşüncə sürəti ilə iş”. Milyarderin ev kitabxanasının tavanını Fiçceraldın “Böyük Getsbi” əsərindən sitatlar bəzəyir.
Ceff Bezos
2018-ci ildə “Amazon”un təsisçisi Qeytsi dünyanın ən varlı adamları siyahısındakı birinci yerdən kənarlaşdırdı. Bezosun işçilərinə oxumağı tövsiyə etdiyi kitabların siyahısında yapon əsilli müasir britaniyalı yazıçı Kazuo İsiquronun “Günün qalanı”, həmçinin “Wall-Mart” qurucusu Sem Uoltonun Bezosa ilham verən avtobioqrafiyası var: “Made in America: Wal-Martı necə yaratdım”. Livanlı Nassim Talibin gözlənilməz hadisələr və iqtisadi böhranlar barədə iqtisadi nəzəriyyəsini əhatə edən “Qara qu quşu” əsəri də siyahıya daxildir.
Həmçinin oxu: Yüksək vergi ödəmək istəyən milyarderlər
Mark Zükerberq
Bill Qeyts kimi Mark Zükerberq də İsrail tarixçisi Yuval Hararinin “Sapiens. Bəşəriyyətin qısa tarixçəsi” bestsellerini oxumağı məsləhət görür. Kitab bizim cəmiyyətimizin siyasi və iqtisadi tarix nöqteyi-nəzərindən təkamülü haqqındadır. Hətta Qeyts kimsəsiz adaya getsəydi, bu kitabı da özü ilə aparacağını qeyd edib. Zükerberq də “Facebook”da bu kitabı tövsiyə olunan kitablar siyahısına daxil edib. O həmçinin 2015-ci ildə İsrail əsilli britaniyalı fizik Devid Doyçun “Sonsuzluğun başlanğıcı”, britaniyalı elmi jurnalist Mett Ridlinin “Rasional optimist” və Stiven Pinkerin daha bir kitabını, maariflənmə və inkişaf hesabına cəmiyyətdə zorakılıq səviyyəsinin aşağı salınması barədə “Bizdə ən yaxşısı” əsərini oxumağı tövsiyə edib.
Riçard Brenson
Səsyazma, mobil rabitə, kabel televiziyası, radiodan tutmuş, hava və dəmiryol nəqliyyatı, ekoloji yanacaq və kosmik turizmin inkişafı sahəsindəki layihələrə qədər 400 fərqli şirkəti birləşdirən “Virgin” korporasiyasının yaradıcısı öz biznes təcrübəsini oxucularla paylaşıb. Milyarderin biznesi Nottonq Hilldə qrammofon valı dükanından başlayıb.
Ümumdünya Kitab Günü münasibətilə Riçard Brenson özünün tərcümeyi-hallarını deyil, klassiklərin: Mark Tven, Ceyms Barri, Redyard Kiplinq və Corc Oruelli, habelə məşhur amerikalı astrofizik Karl Saqanın “Kosmos” adlı qeyri-bədii kitabını və yenilikçi sahibkar Piter Diamandisin “Bolluq: gələcək düşündüyünüzdən parlaq olacaq” əsərini oxumağa səsləyib.
İlon Mask
“Tesla”nın rəhbəri, innovasiyaları tətbiq etməyi sevən sahibkar İlon Mask “Esquire”yə müsahibəsində raket düzəltməyi harada öyrəndiyi barədə suala belə cavab verib: “Mən kitab oxuyuram”. Maraqlısı budur ki, onun məsləhət gördüyü kitablar qətiyyən raketlə əlaqəli deyil və bu haqda heç bir təlimat ehtiva etmir. Əvəzində təxəyyülü və qeyri-standart düşüncəni inkişaf etdirir. Humanitar biliklər və arzulamaq bacarığı çox faydalıdır. Odur ki, İlon Mask fantastika yazarları: Tolkin, Robert Haynlayn (məsələn, “The Moon Is a Harsh Mistress”, tərcümədə “Ay kobud ev sahibidir”), həmçinin elmi ədəbiyyat: isveçli filosof Nik Bostromun “Superintellekt: yollar, təhlükələr, strategiyalar”, amerikalı elmi jurnalist Ceyms Barratın “Bəşəriyyətin sonuncu ixtirası”, Amerika prezidenti Benjamin Franklinin Uolter Ayzekson tərəfindən qələmə alınmış bioqrafiyasını oxumağı tövsiyə edir.
Həmçinin oxu: Bu 5 Sualda Uğurlu Karyeranızı Qurun!
Nigar Umaxanlı, Finco.az