Rəqəmsal valyutalara əsaslanan texnoloji innovasiyaların maliyyə sistemi və bütövlükdə iqtisadi münasibətlərə verə biləcəyi imkanlar və onların əhəmiyyəti zaman keçdikcə daha çox hiss olunur. Rəqəmsal valyutanın bir növü olan kriptovalyutaların sayının sürətlə artması tendensiyası bunun bariz nümunəsidir. Dəmək olar ki, hər gün fərqli xüsusiyyətləri və imkanları ilə yeni kriptovalyutalar yaradılır. Yeni rəqəmsal valyuta növünün yaradılması üzrə mövcud olan layihələrdən biri də “Pi Network”-dür. Hazırda dünyada və xüsusilə də Azərbaycanda bu layihəyə olan marağı nəzərə alaraq. “Pi Network” nədir və bu layihə üzrə əsas risklər haqqında araşdırmanı təqdim edirik.
Pi Network layihəsi əslində mobil mayninq (mədənçilik) sektorunda bir eksperimentdir. Layihə 2019-cu ilin mart ayında ABŞ-ın Stanford universitetinin 3 məzunu – Nicolas Kokkalis, Chengdiao Fan və Vincent McPhillip tərəfindən təqdim edilib. Layihənin “kriptovalyutası” kimi nəzərdə tutulan Pi və ya Pi Coin Stellar-ın platforması üzərindən yaradılıb və bir mobil mayninq prosesi modelləşdirilib. Kriptovalyuta mayninqinə hazırda kifayət qədər maraq var və Pi Network-ü cazibədar edən əsas məqam istifadəçilərin bu şəbəkəyə ödənişsiz olaraq qoşulmasıdır. Rəqəmsal valyutaların hazırda populyarlığını nəzərə alsaq, hər hansı kriptovalyutanın pulsuz paylanması ideyası insanların istənilən layihəyə qoşulması üçün əla fürsətdir. İnsanlarda bir ümid var ki, heç bir ödəniş etmədən sadəcə mobil tətbiqi smartfona yükləməklə kriptovalyuta mayniniq edəcək və gələcəkdə dəyəri yüksək olan kriptovalyutaya sahib olacaqlar. Bu ideyanın nə dərəcədə uğurlu olacağını indidən demək mümkün deyil və “Pi Network”-ün müvəffəqiyyəti yalnız şəbəkə üzvlərinin kollektiv qatqısı, istifadəsi və qəbulundan asılıdır.Pi Network layihəsi ilə bağlı bəzi narahatedici məqamları qeyd etmək istərdim.
- Pi Network layihəsinin veb saytında ilk diqqəti çəkən odur ki, komanda iddia edir ki, Pi “Telefonda mayninq edilən ilk rəqəmsal valyutadır”. Bu artıq yalnış məlumatdır çünki smartfonda mayninq edilən ilk kripto-layihələr uPlexa (UPX) və Electroneum (ETN) olub;
- Hər hansı bir kripto-tətbiqdən fərqli olaraq, Pi Network tətbiqini smartfona yüklədiyiniz zaman sizin data məlumatlarınıza kifyaət qədər ciddi və geniş icazələr tələb olunur;
- Mobil tətbiqetməni yalnız referal link vasitəsi ilə yükləmək olur və bu faktor layihənin yalnız peramidal sxem üzrə genişlənməsinin göstəricisidir. Bu formada inkişaf strategiyası olan kripto-layihələrin uğursuz nəticələri az olmayıb;
- Əgər mobil tətbiqi yükləmisinizsə hər 24 saatdan bir mayneri aktivləşdirmək lazımdır. Bu faktor əslində mayninq üçün xas xüsusiyyət deyil və məcbur edir ki, siz tətbiqə ən azı 24 saatdan bir daxil olasınız;
- Pi Network tətbiqi qəribə olsa da, şəbəkə paketlərini “socialchain.app” və “rayjump.com” kimi kənar domenlərə göndərir;
- Bir çox təcrübəli maynerlər Pi Network mobil mayninqini qeyri-ciddi məşğuliyyət və vaxt itgisi hesab edirlər;
- Layihəyə start verilməsindən artıq 2 il keçib lakin Pi faktiki olaraq heç bir kriptovalyta birjasında ticarət olunmur və hazırda hər hansı bir dəyərə malik deyil.
Nəticə:
Məsləhət görərdim ki, ödənişsiz olaraq hər hansı kriptovalyuta təklif edən layihələrin mobil tətbiqlərini smartfon və digər elektron cihazlarınıza yükləməzdən öncə həmin layihəni diqqətlə analiz edəsiniz. Bu tip layihələr pulsuz kriptovalyuta və ya har hansı ödənişsiz xidmət təklif edən zaman sizin mobil qurğularınızda olan data məlumatlarınıza sərhədsiz giriş imkanı əldə edirlər. Unutmayın ki, smartfonda olan data məlumatlarınız sizin üçün adi informasiyalar olsa da, bəzi analitik mərkəzlər üçün bu olduqca əhəmiyyətli informasiya resursudur.
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!