“Petkim” nizamnamə kapitalını 28% artıracaq | Banco.az

“Petkim” nizamnamə kapitalını 28% artıracaq

“Petkim” neft-kimya kompleksi nizamnamə kapitalını 28% - 2 mlrd. 112 mln. türk lirəsinədək (TL) artıracaq. Bu barədə holdinqin məlumatında deyilir.

““Petkim”in səhmdarlarının 2019-cu il martın sonunda keçirilmiş ümumi iclasında holdinqin kapitalının 1 mlrd. 650 mln. TL-dən 2 mlrd. 112 mln. TL-dək artırılmasına dair qərar qəbul edilib. “Petkim”in Direktorlar Şurası aprelin 29-da bu qərarı təsdiq edib”, - deyə məlumatda bildirilir.

Holdinqin nizamnamə kapitalının 462 mln. TL-dək artırılması ötən illərdə əldə edilmiş mənfəət hesabına həyata keçiriləcək.

“Petkim”in nizamnamə kapitalının yuxarı həddi 4 mlrd. TL-dir.

Ən sərfəli kredit üçün müraciət et

Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.

“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.

“Petkim Petrokimya Holding”in səhm nəzarət paketinin sahibi (51%) “SOCAR Turkey Enerji” şirkətidir.

© İnterfaks-Azərbaycan