Pərviz Qasımov: Bank of Baku korporativ bankçılıq sahəsində iri addımlar atır | Banco.az

Pərviz Qasımov: Bank of Baku korporativ bankçılıq sahəsində iri addımlar atır

Müsahibimiz Bank of Bakunun Məhsulların və Proseslərin İdarə edilməsi departamentinin, Məhsulların İdarə edilməsi şöbəsinin müdiri Pərviz Qasımovdur. Pərviz bəy ilə Bank of Bakuda məhsulların yaradılması prosesindən və 2017-ci ilin yekunlarından danışdıq.

  • 2017-ci ili demək olar ki, artıq geridə qoymuşuq, bu ili yeni məhsulların yaradılması baxımından nə qədər uğurlu adlandırmaq olar?

Əminliklə deyə bilərəm ki, 2017-ci il yeni məhsulların yaradılması istiqamətində uğurlu və həmçinin yeni bir dönəm oldu. Buna təsir edən əsas amillərdən biri də odur ki, bu ilin əvvəlində Bankımız tərəfindən bu istiqamətdə mühüm addımlardan biri atılaraq, Bankdakı müxtəlif strukturların əməkdaşlarını özündə cəmləyən Məhsulların Yaradılması Komitəsi yaradıldı. Komitənin yaradılması, Azərbaycan bank sektorunda yeni bir təcrübə olmasına baxmayaraq öz müsbət nəticəsini qısa zamanda verdi. Bu bizə sürətli dəyişən bazar rəqabətində müştərilərin ehtiyac və istəklərini nəzərə alaraq müştəri yönümlü yeni bank məhsullarının yaradılmasına, mövcud bank məhsullarımızın şərtlərinə yenidən baxılaraq müştərilərimiz üçün daha səmərəli istiqamətdə dəyişdirilməsinə və məhsullarımızın bazarın tələblərinə uyğunlaşdırması istiqamətində çevik və düzgün qərarlar verilməsi ilə öz bəhrəsini verdi.

  • Demək olar ki, korporativ bankçılıq xidmətlərini yenidən təşkil etmisiniz. Bank of Bakunun korporativ müştəriləri əsas kimlərdən ibarətdir? (misal üçün əməliyyat dövriyyəsinin həcminə görə böyük şirkətlər, kiçik sahibkarlar ya necə?

Bəli, düz qeyd etdiniz. Bank of Baku korporativ bankçılıq xidmətləri sahəsinda hal hazırda iri addımlar atır və Bankın bu istiqamətdə xidmət göstərdiyi müştərilərinin sayı günü-gündən artır. Bunun da əsas səbəbi odur ki, biz müştərilərimizə onun hər bir ehtiyac və tələblərini ödəyə bilən müxtəlif növ bank xidmətləri və məhsullarını təqdim edir və təqdim etdiyimiz məhsul və xidmətlər üzrə keyfiyyətli və çevik xidmətlər göstəririk. Hal hazırda bank tərəfindən korporativ müştərilərimizə hesab üzrə əməliyyatlar, depozit, sənədli əməliyyatlar, əmək haqqı kartları, kreditlər, internet bankçılıq xidməti və müştərilərimizin tam olaraq ehtiyaclarını ödəyəcək digər müxtəlif məhsul və xidmətlərimizi təklif edirik. Həmçinin bizimlə əməkdaşlıq edən hüquqi şəxs və sahibkarların əməkdaşları, yəni işçiləri üçün də bank məhsullarından güzəştli şərtlər ilə yararlanmaq üçün imkanlar yaratmışıq. Məsələn, əmək haqqı kartları bizim bankda olan korporativ müştərilərimizin əməkdaşları 10.000 manatadək nağd pul kreditini 3%-dək endirimlə və zaminsiz əldə edə bilərlər. Məhz bu və təqdim edilən digər üstünlüklərə görə hüquqi şəxslər və sahibkarlar bankımız ilə əməkdaşlıq etməkdə maraqlıdılar. Sualınıza cavab olaraq deyim ki, hal-hazırda bakımızın korporativ müştəriləri arasında fərqli sahələrdən olan həm iri, həm orta, həm də kiçik sahibkarlar var.

  • Bank of Baku həmişə yeni məhsulların və xidmətlərin təklifi baxımından sektorda novator  olub. Bu ənənəni qoruya bilirsinizmi? 

Çox doğru qeyd etdiyiniz ki, Bank of Baku hər zaman bank sektorunda yenilikçi - innovator kimi tanınıb. Buna zəmin yaradan Bankın fəaliyyət göstərdiyi sektora gətirdiyi onlarla yeni xidmət və məhsullarıdır ki, onlara misal olaraq, ölkənin ilk hissə-hissə ödənişli kredit kartı - Bolkart, loyal müştərilərə imtiyazlar qazandıran Dostlar Klubu, SMS kredit, İşkart və s. məhsullarımızı, həmçinin artıq ənənə halını almış və bank tərəfindən mütəmadi olaraq müştərilərinə təqdim etdiyi bir çox sərfəli və maraqlı kamapaniyalarımızı qeyd etmək olar. Təbii ki,  hal hazırda bank sektorunda olan güclü rəqabətə baxmayaraq biz bu adı yenə də təqdim etdiyimiz xidmət və məhsullarımızla qoruyub  saxlamaqda iddialıyıq və niyyətindəyik.

  • Hal-hazırda müştərilərin kredit məhsullarına tələbi hansı səviyyədədir? (Ən çox hansı növ kreditlər üçün müraciət olunur?

Ötən il ilə müqayisədə deyərdim ki, bu il kredit məhsullarına olan tələbat bir neçə dəfə artmışdır. Tələbin yüksəlməsinə səbəb əhalinin gəlirlərinin artması və ölkəmizdə sağlam biznes mühitinin yaradılmasıdır. Məhz buna görə də ən çox tələbat istehlak məqsədi ilə olan Nağd pul kreditlərinə, Bolkart kredit kartına və Biznesin inkişafı üçün verilən biznes kredit məhsullarınadır.

  • Bank tərəfindən müştərilərin kredit tələblərini ödəmək üçün hansı addımlar atılır? 

Təbii ki, biz də öz növbəmizdə bu ehtiyacları qarşılamaq üçün çalışır və bu istiqamətdə işlər görürük. Daim müştərilərin və istehlakçıların ehtiyaclarını öyrənir, daxili bazarı araşdırır və yarana biləcək kredit risklərimizi qorumaqla bank məhsullarımızı müştərilər üçün daha əlçatan və sərfəli olması üçün addımlar atırıq. Buna misal olaraq qeyd edim ki,  hal hazırda istənilən istehlak məqsədi ilə kreditləri əmək haqqını hansı bank kartı ilə almasından aslı olmayaraq sabit gəliri olan hər kəs bankımıza müraciət etməklə əldə edə bilər.

Demək olar ki, bir çox kredit məhsullarımızın şərtlərinə yenidən baxılaraq kredit şərtlərimiz daha da sadələşdirilmiş, kreditin əldə edilməsi proseduru isə qısaldılmışdır.

Misal üçün, hal hazırda istehlak məqsədi ilə  verilən nağd pul kreditləri üzrə kreditin maksimal məbləği 10.000 AZN-dək müddəti isə 36 ayadək artırılmış, illik faiz dərəcəsinin minimumu 26%-dək endirilmişdir. Əlavə olaraq onu da qeyd edim ki,  nağd kreditin rəsmiləşməsi zamanı heç bir sigorta xərci tələb edilmir, cəmi kredit məbləğinin 1%-i həcmində komissiya haqqı tutulur. Bolkart kredit kartı məhsulumuzun əldə edilmə şərtləri sadələşdirilmiş, kreditin maksimal məbləği isə 10.000 AZN-dək artırılmışdır. Bu yaxınlarda şərtləri sadələşdirilmiş yüksək tələbatlı kredit məhsullarımızdan biri də “Mümükündür!” nağd kredit məhsuludur. Rəsmi gəliri olan hər kəs əmlak alınması, məişət şəraitinin yaxşılaşdırılması, ev təmiri və s.  bir çox məqsədlər üçün bu kredit məhsulundan faydalana bilər. Məhsul üzrə kreditin maksimal məbləği 70.000 AZN, müddəti 36 ay, illik faiz dərəcəsi isə 23%-dən başlayan şərtlər ilə müştərilərə təqdim edilmişdir. Mikro, Kiçik və Orta sahibkarlığın inkişafı məqsədi ilə verilən kreditlərin də şərtlərinə yenidən baxılaraq məhsul üzrə kreditin müddəti artırılmış, faizi aşağı salınmış kredit məbləği isə  300.000 AZN dək artırılmışdır. Onu da qeyd edək ki, bankımız Sahibkarlığa Kömək Milli Fondu ilə sıx əməkdaşlıq edir və fondun vəsaitləri hesabına maliyyələşən və sahibkarlığın inkişafına yönələn kreditləri müştərilərinə təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

  • Daha çox Bolkart debet və ya kredit kartları üçün müraciət olunur?

Hal-hazırda bankımıza daha çox Bolkart kredit kartları üçün müraciətlər olunur. Düşünürəm buna səbəb əhalinin daha çox nağd ödənişlərə hələ də üstünlük verməsi və müəyyən qədər də Bolkart debet kartı və onun üstünlükləri barədə məlumatsız olmasıdır. Lakin buna baxmayaraq Bolkart debet kartlarına olan tələb günü gündən artmaqdadır və bu da məhsulun üstünlüklərindən irəli gəlir.

Bolkart debet və  kredit kartlarının əsas üstünlükləri nədir ?

Bildiyiniz kimi, Bolkart Azərbaycanın ilk taksit kartıdır. 2011-ci ildə müştərilərimizə təqdim edilən Bolkart sözün əsl mənasında böyük bir inqilab yaratdı, alış-veriş sevərlərin ən yaxın dostuna çevrildi. Artıq 6 ili geridə qoysa da, bu gün də sevilir və istifadəçilərinin sayı artmaqda davam edir. 2015-ci ildə müştərilərimizin müəyyən tələblərini nəzərə alaraq tam yenilənmiş Bolkart məhsulunu bazara təqdim etdik və bu da müştərilərimiz tərəfindən çox müsbət qarşılandı. Bir qədər sonra Bolkart Debet kart məhsulu da işıq üzü gördü. Hər iki kartın özünəməxsus üstünlükləri var. Bu üstünlükləri ayrı-ayrı qeyd etməzdən əvvəl qısaca hər iki kartda olan bir üstünlük barədə məlumat vermək istərdim.

İstər Bolkart Kredit, istərsə də Bolkart Debet kartlarından nağdsız qaydada alış veriş və ya hər hansı bir xidmətlərin ödənilməsi üçün istifadə zamanı müştərilərimiz istifadə etdikləri məbləğin 25%-dək həcmində bonus BAL-ları qazanmış olurlar. Bonus BAL-ları bizimlə əməkdaşlıq edən ticarət və xidmət obyektlərində istifadə edilən məbləğin 0,5%-dən 25%-dək, digər ticarət və xidmət obyektlərində isə istifadə edilən məbləğin 0.1% dən 0,6%-dək  həcmində hesablanır. Həmin Bonus Balları müştərinin kartına əlavə edilir. 1 Bal=1 AZN kimi qiymətləndirilir və yığılmış Bonus Ballarını bizimlə əməkdaşlıq edən, yəni bizim ödəniş terminalları olan ticarət və xidmət obyektlərində alış-veriş və ya hər hansı bir xidmətin ödənilməsi üçün istifadə etmək mümkündür.

Bolkart kredit kartına tələbin yüksək olması onunla əlaqədardır ki, Bolkart vasitəsi ilə müştərilər istənilən ticarət və xidmət obyektlərində və həmçinin internet üzərində ödənişlərini həyata keçirib, istifadə etdikləri məbləği hissə hissə banka geriyə ödəyə bilərlər. Belə ki, bizimlə əməkdaşlıq edən ticarət və xidmət obyektlərində etdikləri alış-verişin məbləğini 1, 3, 6, 12 və ya 18 aya əlavə xərcsiz bölməklə banka geri ödəniş etmək imkanına malik olurlar. Həmçinin, ölkə daxilində və ölkə xaricində istənilən ticarət və xidmət obyektlərində ödənişlər edib xərclədikləri məbləği 18 ay ərzində hissə hissə geri ödəyə bilərlər. Bundan əlavə olaraq da müştərilərimizin nağd pula ehtiyacını da nəzərə alaraq Bolkart kredit kartında kartın limitinin 25%-ə qədər hissəsinin nağdlaşdırılması imkanı yaratmışıq. Nağdlaşdırılan vəsaiti də 18 ay ərzində hissə-hissə banka geri ödəmək mümkündür.

Bolkart debet kartına olan tələbatın çoxalmasına gəldikdə isə başlıca səblərindən biri karta yerləşdirilən vəsaitin müştəriyə əlavə gəlir gətirməsidir. Kartdakı vəsait 100 AZN-dən yuxarı olduğu təqdirdə sizə illik 5% həçmində gəlir gətirir və hesablanmış faizlər gündəlik olaraq balansınıza əlavə edilir. Bundan əlavə olaraq kartınızda olan vəsaitinizi bizim bankomatlarda nağdlaşdırma etdikdə heç bir komissiya tutulmur.

Bütün bunlar və digər üstünlüklər barədə daha ətraflı məlumatı  www.bolkart.az saytında əldə etmək mümkündür.

  • Müştərilər yaxın gələcəkdə hansı yenilikləri gözləsinlər?

Gələcək üçün lahiyələrimiz və planlarımız çoxdur. Müştərilərimizin istəklərini nəzərə alaraq bu yaxınlarda “Dostlar Klubu” loyallıq klubu lahiyəsinə demək olar ki ikinci nəfəs verdik. Bu lahiyənin əsas üstünlüyü odur ki, “Dostlar Klubu” üzvləri olan müştərilərimiz bank məhsullarından istifadə etdikləri zaman müəyyən imtiyazlar, endirimlər və bonuslar əldə etmiş olurlar. Hər bir müştərimiz bankla əməkdaşlıq müddətindən aslı olaraq müxtəlif imtiyazlar qazanır. Bundan əlavə olaraq “Dostlar Klubu”  üzvləri pulsuz “Dostlar klubu” kartını əldə edirlər ki, bu kartda da klub üzvlərinin təcili maddi ehtiyaclarını ödəmək üçün 400 AZN –dək kredit xətti olur. Hal-hazırda onlar üçün 10.000 manatadək nağd pul kredit məhsulumuz üzrə 3% endirimli və ödənişlərində 3 ayadək möhlət imkanı qazandıran yeni kampaniya davam etməkdədir. Əlavə olaraq qeyd edim ki, müştərilərimizin Yeni il qabağı nağd pula olan tələbatını nəzərə alaraq daha bir kampaniyaya start verilmişdir və “Dostlar Klubu” kartlarında olan təcili kredit xəttindən istifadəyə görə komissiya xərcində endirim edilmişdir. Belə ki, kampaniya çərçivəsində hər istifadə edilmiş 50 AZN məbləğə Dostlarımız cəmi 1 AZN komissiya ödəyəcəklər.

Yaxın gələcəkdə həm bu məhsulumuz, həm də digər məhsullarımızla bağlı maraqlı yeniliklərimiz, həmçinin cari xidmətlərimizin daha da təkmilləşdirilməsi gözlənilir.

Ən yaxın zamanda isə yeni ilə özəl endirimli və hədiyyəli kampaniyalarımızla da onları sevindirmək niyyətindəyik. 

Müsahibə üçün təşəkkürlər. Könül Soltanova 

Ən sərfəli krediti almaq üçün müraciət et