Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da yerləşən qida və içki şirkəti “PepsiCo”nun gəliri ötən ilin dördüncü rübündə 0,2 faiz azalıb.
Banco.az xəbər verir ki, “PepsiCo”nun 2024-cü ilin dördüncü rübünə aid maliyyə hesabatına görə şirkətin gəliri ötən ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalaraq 27,78 milyard dollara düşüb. “PepsiCo”nun gəliri 2023-cü ilin dördüncü rübündə 27,85 milyard dollar olaraq hesablanmışdı.
Bazar proqnozları şirkətin gəlirinin bu dövrdə 27,89 milyard dollar olacağı istiqamətində idi.
“PepsiCo”nun gəliri qeyd olunan dövrdə Avropada 6 faiz, Afrikada, Orta Şərqdə və Cənubi Asiyada 5 faiz, Asiya-Sakit Okean regionunda, Avstraliyada, Yeni Zelandiyada və Çində 2 faiz artdığı halda, Latın Amerikasında 7 faiz azalıb.
Şimali Amerikada isə şirkətin qəlyanaltı biznesində Frito-Lay-in və Quaker Foods-un gəlirləri 2 faiz azalma qeydə alıb. Beləliklə, şirkətin Şimali Amerikada qəlyanaltı və içkilərinə olan tələbat ardıcıl beşinci rübdə azalıb.
“PepsiCo”nun ötən ilin dördüncü rübündə əldə etdiyi xalis mənfəət əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 1,5 milyard dollara yüksəlib. Şirkət 2023-cü ilin dördüncü rübündə 1,3 milyard dollarlıq mənfəət açıqlamışdı.
“PepsiCo”nun 2023-cü ilin dördüncü rübündə 94 sent olan hər səhm üzrə mənfəəti ötən ilin eyni dövründə 1,11 dollara yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!