Pensiyalarla bağlı nələr dəyişəcək? | Banco.az

Pensiyalarla bağlı nələr dəyişəcək?

“Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliklər pozitiv xarakter daşıyır. Bu, həm də vətəndaşlarımızın pensiya təminatını yaxşılaşdıran, pensiya təminatı sahəsində unifikasiya aparmağa imkan verən və pensiyaların indeksasiya metodu ilə avtomatlaşdırılmış qaydada artırılmasına hüquqi baza yaradan layihədir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, qanunun 6 maddəsinə 42 dəyişiklik təklif olunur:

“Bu dəyişiklikləri iki istiqamətdə şərh edə bilərik. Birinci istiqamət əmək pensiyalarının indeksasiya metoduna keçirilməsi ilə bağlıdır. Ümumiyyətlə, indeksasiya metodunun tətbiq olunması əmək pensiyalarını illik inflyasiya təhükəsindən qorumuş olur. Hazırda Azərbaycanda 1 159 000 pensiyaçının 93 faizi ümumi sığorta prinsipi əsasında pensiya alır. Onların pensiyaları hər ilin əvvəlində ötən illərdəki orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq artırılır. Beləliklə, inflyasiyanın mənfi təsirindən qorunmuş olur. Lakin 85 min pensiyaçının pensiyası hər il indeksasiya olunmur. Onların pensiyaları yalnız əvvəl işlədikləri vəzifələrdə maaşlar artarsa, maaşın artım faizinə uyğun olaraq artırılır. Maaş və pensiya artımlarının 3-5 ildən bir olması səbəbilə bu müddət ərzində həmin şəxslərin pensiyaları indeksasiya olunmamış qalır. Bu kateqoriyaya kimlər daxildir? Bu kateqoriyaya “Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsinin təsiri altında olan şəxslər daxildir. Deputatlar, hakimlər, MSK üzvləri, prokuror, prokurorluq işçiləri, hərbçilər və dövlət qulluqçuları bu siyahıya aiddir. 10 ilin statisitikası göstərir ki, bu müddət ərzində ümumi əsaslarla pensiya alan şəxslərin pensiyası 98 faiz artdığı halda qulluq əlavəsinə görə pensiya alan şəxslərin pensiyası cəmi 70 faiz artmışdır. Burada bəzi kateqoriyalar üzrə artım ümumilikdə daha aşağı olub. Məsələn, hakimlərin 20 faiz, prokurorluq işçilərinin 13 faiz, hərbçilərin 59 faiz, dövlət qulluqçularının isə 69 faiz pensiyaları artıb. Bu pensiya artımı 3-5 ildən bir olduğu üçün inflyasiyanın mənfi təsirindən qoruna bilmir”.

Ən sərfəli kredit üçün müraciət et

Komitə sədri vurğulayıb ki, “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliklər bu ayrı-seçkiliyi aradan qaldıracaq:

“Dəyişikliklər bütün pensiyaçıların pensiyasını hər ilin əvvəlində indeksasiya edərək artırmaq imkanı yaradacaq. Digər bir dəyişiklik cənab Prezidentin ötən ilki sərəncamı ilə pensiyalara 200 manat məbləğində əlavələrin pensiyaların üzərinə daxil olunaraq və onun da indeksasiya olunub artırılması ilə bağlıdır. Buna görə də hesab edirəm ki, təklif olunan dəyişikliklər müsbətdir. Dəyişikliklər qəbul edildikdən sonra bütün növ əmək pensiyalarının miqdarı hər il vahid qaydada indeksləşdirilərək, artırıla biləcək. Qulluq stajına görə, əlavə almaq hüququ olan şəxslərin pensiyaları hər il indeksasiya ediləcək və əvvəlki metoda nisbətən burada artım daha çox olacaq. Bununla da həmin şəxslərin sosial rifahı yaxşılaşmış olacaq. Pensiyaların indeksasiya olunaraq artırılmasının tamamilə elektronlaşdırılması mümkün olacaq. Eyni zamanda pensiyaçılar və onların xidmət göstərdiyi qurumların hər hansı məlumatı təmin etmək öhdəliyi də aradan qalxacaq”.

modern.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram