Pensiyalar nə qədər artacaq? | Banco.az

Pensiyalar nə qədər artacaq?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Bu ilin 9 ayındakı tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 11 faizə indeksasiya olunacaq".

Banco.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov pensiyaların nə qədər artırılacağı barədə şərhində deyib. 

O bildirib, 2023-cü ilin ilk 9 ay üzrə orta aylıq nominal əməkhaqqı artımı da elan edildi: "Bu müddətdə orta aylıq əmək haqqı 11.2 faiz artıb. Qeyd edək ki, ilk 8 ayda bu göstərici 11.3 faiz idi. Orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa pensiyalarda artım da o qədər olacaq.

Hazırda indeksləşmədə iki göstəricidən (orta aylıq əmək haqqının artım səviyyəsi və inflyasiya göstəricisi) istifadə edilir. Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əmək haqqında artım tempinə, pensiya kapitalı isə infilyasiya göstəricisinə indeksasiya olunur. Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur". 

İqtisadçının sözlərinə görə, bu ilin 9 ayındakı tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 11 faizə indeksasiya olunacaq: "Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan, orta aylıq əmək haqqındakı artım faizi yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir". 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Milli Məclisin noyabrın 14-də keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun (DSMF) 2024-cü il büdcəsi haqqında" qanun layihəsi müzakirə edilərək I oxunuşda qəbul olunub. Proqnozlaşdırılıb ki, gələn il əmək pensiyalarının orta aylıq məbləği 483 manat olacaq. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin 50 manat artaraq 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləğinin cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq 454 manata yüksəlməsi proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et