Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Son dövrlərdə cəmiyyətin diqqət mərkəzində olan əsas məsələlərdən biri, işləyən vətəndaşların topladıqları pensiya kapitalının necə idarə olunacağı və bu vəsaitin pensiya yaşından əvvəl və ya sonra varislərə ötürülməsi imkanlarıdır.
Hazırkı qanunvericilik yalnız vətəndaşın pensiya yaşına çatmasından sonra həmin kapitaldan istifadəni nəzərdə tutur. Lakin bu yanaşma bir sıra suallar doğurur və mövcud sistemdə dəyişikliklərin zəruriliyini müzakirə predmetinə çevirir.
Milli Məclisin komitə iclaslarında deputat Vüqar Bayramov bu istiqamətdə mühüm dəyişiklikləri nəzərdə tutan fikirlər səsləndirib. Banco.az-a açıqlamasında millət vəkili qeyd edib ki, təkliflərin əsas məqsədi pensiya kapitalının daha ədalətli, inklüziv və çevik istifadəsinə şərait yaratmaqdır:
"Bizim yanaşmamız ondan ibarətdir ki, pensiya kapitalının bir hissəsinin digər məqsədlər üçün, o cümlədən təhsil, səhiyyə xidmətlərinin alınması, eləcə də kredit faizlərinin ödənilməsi üçün istifadə imkanları yaradılsın. Bu baxımdan, biz minimum pensiya kapitalı ilə yanaşı orta pensiya kapitalı anlayışının tətbiqini də təklif edirik," – deyə deputat vurğulayıb.
Eyni zamanda, Vüqar Bayramov varislərlə bağlı yeni təkliflərin də əhəmiyyətini qeyd edib:
"Pensiya yaşı tamam olmayan və ya pensiya yaşı tamam olduqdan sonra 12 ildən daha qısa müddətdə pensiya alan vətəndaşlarımızın pensiya kapitalının bir hissəsinin varislərinə transfer edilməsini təklif edirik. Bu yanaşma həm pensiya kapitalının formalaşmasına marağı artıracaq, həm də məşğulluğun rəsmiləşdirilməsinə ciddi dəstək olacaq".
Deputat bu təkliflərin fiskal baxımdan qiymətləndirilməsinin vacibliyini qeyd edərək əlavə edib ki,vətəndaş dünyasını pensiya yaşı tamam olmadan dəyişirsə və pensiya kapitalına malikdirsə, həmin kapitalın bir hissəsinin varislərinə transferi mümkün olmalıdır:
“Bu, pensiya sisteminin daha ədalətli və inklüziv idarə edilməsinə xidmət edəcək. Bu cür yanaşmalar həm sosial ədalət prinsipinin qorunmasına, həm də məşğulluğun rəsmiləşdirilməsinə mühüm töhfə verə bilər”.