Daima müştəri məmnuniyyətini və rahatlığını artırmaqda səylərini əsirgəməyən PAŞA Sığorta şirkəti fevral ayının 19-u Bərdə rayonunda yeni nümayəndəliyi müştərilərin xidmətinə verdi. Təntənəli açılış mərasimində PAŞA Sığorta ASC-nin İdarə Heyətinin üzvləri, departament və şöbə rəhbərləri, həmçinin yerli icra hakimiyyətinin rəhbər və məsul işçiləri iştirak etdi. Müasir tələblərə tam cavab verən yeni nümayəndəlik Bərdə rayonu, Koroğlu küçəsində fəaliyyət göstərəcəkdir.
Nümayəndəlik şəbəkəsinin genişlənməsi PAŞA Sığorta şirkətinin əsas inkişaf prioritetləri sırasındadır, əsas məqsəd isə tək Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin etməkdir.
Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta növü üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.