"PAŞA Bank" ASC-nin 2018-2020-ci illəri əhatə edən yeni strategiyasının hazırlanmasına başlanılıb. Əsas hədəf korporativ bankçılıq sahəsində bankın mövqeyinin gücləndirilməsidir.
Bu barədə "Paşabank"ın İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
O həmçinin bildirib ki, 2016-cı ildə Bankın kredit portfelinin bazar payı 5,5%-ə çatıb: "Bu sahədə mövqeyimizi gücləndirib payımızı daha da artırmaq niyyətindəyik".
T.Kazımov onu da qeyd edib ki, "PAŞA Bank"ın yeni stretegiyasının hazırlanması iyunun ortalarında başa çatdırılacaq: "Kiçik və orta sahibkarlara dəstək verilməsi əsas istiqamətlərdəndir. Kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, eləcə də fərdi bankçılıq sahəsində Bankın bazar payını artırmaq niyyətindəyik".
Onun sözlərinə görə, 2014-cü ildə "PAŞA Bank"ın müştərilərinin valyuta əməliyyatlarının həcmi 1,5 mlrd. manat olub. 2016-cı ildə isə bu rəqəm 4,5 mlrd. manata çatıb: "Dövriyyənin 3 dəfə artması, həm də valyuta əməliyyatlarından mənfəətin də 3 dəfə artması deməkdir".