Palata: Bankların kapitalına 1.2 milyard manat yatırılıb | Banco.az

Palata: Bankların kapitalına 1.2 milyard manat yatırılıb

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Strateji Yol Xəritələrin icrası ilə bağlı iclas keçirilib.

Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda 6 dekabr 2016-cı il tarixində ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələri üzrə nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2017-ci ildə görülmüş və 2018-ci ildə görüləcək işlər geniş müzakirə edilib.

Palatadan Banco.az-a bildirilib ki, 2017-ci ildə bank sektorunun sağlamlaşdırılması ilə bağlı əsaslı işlər görülüb, sektora yeni kapital investisiyaları daxil olub. Belə ki, 2017-ci il ərzində bankların cəmi kapital inyeksiyalarının həcmi 0.9 mlrd. manat təşkil edib. Ümumilikdə, 2016-2017-ci illərdə bankların səhmdar kapitalına investisiyaların cəmi 1.2 mlrd. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, ölkə Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanına əsasən“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması prosesi yekun mərhələyə çatdırılıb. Bu çərçivədə, bankın problemli aktivləri “Aqrarkredit” QSC-ə ötürülüb, xarici borc öhdəliklərinin restrukturizasiyası prosesləri tamamlanıb.

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bank restrukturizasiyasının hüquqi çərçivəsinin formalaşdırılması işləri aparılıb. Bu istiqamətdə beynəlxalq təcrübə də nəzərə alınmaqla “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa rezolyusiya ilə bağlı yeni fəsil əlavə edilib.