Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” və “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin “4.3. Sahibkar düşüncə tərzinin təşviqi” prioriteti çərçivəsində növbəti təlim Azərbaycan Turizm və Menecment Universitetində keçirilib. "Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq" mövzusunda təlim və təqdimat tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat nümayiş etdirilərək sözügedən mövzular ətrafında tələbələrlə fikir mübadiləsi aparılıb.
Təqdimatlardan sonra turizm sektorunda fəaliyyət göstərən iki nəfər sahibkar sahibkarlıq fəaliyyətinin əhəmiyyəti və sahibkarlıq ruhunun formalaşması, biznes sahibi olmaq üçün zəruri addımların atılması barədə tələbələrlə təcrübələri ilə bölüşüblər
Tədbirin sonunda müzakirələrdə aktiv iştirak edən tələbələr Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif ediliblər.