Müəllif: Gülbəniz Hüseynli/Banco.az
Azərbaycanda 90-cı illərin ikinci yarısında dövriyyəyə buraxılan “özəlləşdirmə çekləri”ni çoxları dəyər-dəyməzinə satsa da, bəziləri onları gələcəkdə daha çox baha satmaq ümidi ilə saxlamağa üstünlük verdi.
Son vaxtlar sosial şəbəkələrdə istiqrazların yenidən istifadəyə yararlı olması ilə bağlı yayılan məlumatlara iqtisadçı-ekspert Pərviz Heydərov münasibət bildirib.
Banco.az-a açıqlamasında ekspert vurğuladı ki, bu məsələnin hər dəfə belə gündəmə gəlməsinə zəmin yaradan səbəblər var.
“Çeklərin istifadə olunmayan hissəsinin taleyi ilə bağlı dövlət və ya qanunvericilik orqanı tərəfindən heç bir qərar verilməməsi narahatlıq yaradır. Həmin çeklərin istifadə müddəti bitməsi haqqında nə elan var, nə də ki, həmin çeklərin istifadə olunmayan hissəsinin nə vaxtsa yenidən dövriyyəyə buraxılacağı haqqında qərar var. Bu məsələyə konkret nöqtə qoyulmalıdır. Mən özəlləşdirmə çekləri ilə bağlı məsələnin artıq geridə qalmış tarixi bir mövzu hesab edirəm və həmin çeklərin yenidən dövriyyəyə buraxılmasını görmürəm. Hesab edirəm ki, ya Prezidentin sərəncamı, ya da qanunvericilik yolu ilə bu barədə müvafiq bir qərar verilməlidir. Qanunvericiliklə bu məsələnin birdəfəlik həlli istiqamətində addımlar atılmalıdır”.
Ekspert onu da qeyd etdi ki, özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasında əsas məqsəd vətəndaşların özəlləşdirmə prosesinin birinci mərhələsində yaxından əyani iştirakını təmin etmək idi. Pərviz Heydərov hesab edir ki, yaxşı olardı ki, vətəndaşların əllərində qalan çeklərin nağd pul qarşılığında və yaxud digər vasitələrlə dəyərinin məbləği qaytarılsın.
Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)-nin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Artıq özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirmiş və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil. Bu çeklərin yenidən dövriyyəyə buraxılacağına məsələsi ilə bağlı ƏMDX-dən bildirilib ki, belə xəbərlər şaiyə xarakteri daşıyır və mahiyyətcə insanların aldadılmasına və onların etibarından sui-istifadəyə yönəlmiş bir addım kimi dəyərləndirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!