Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı normativ sənədlərin hazırlanması tam yekunlaşıb. Bu açıqlamanı Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib. O bildirib ki, sənədlər razılaşdırılması üçün bir ay ərzində dövlət qurumlarına göndəriləcək.
Bir çox iqtisadi analitiklər hesab edirlər ki,pensiya fondları bazarında rəqabətin olması yaxşı bir hal ola bilər. Amma bunun üçün də vətəndaşlar belə bir fondun yaradılmasında maraqlı olmalıdırlar.
İqtisadçı Natiq Cəfərli Banco.az-a açıqlamasında bildirdi ki, özəl pensiya fondlarının yaranmasının qərarı pozitiv olsa da, onun hansı qaydalar, yanaşma əsasında fəaliyyət göstərəcəyini indidən demək mümkün deyil:
“Bununla bağlı əsasnamə təsdiq olunandan sonra ancaq fikir bildirmək olar. Çünki hələlik bu təklif olaraq qalır. Bunun realizasiyası, yerinə yetirilməsi hansı formada olacaq, bunu görmək lazımdır. Vətəndaşların seçim imkanı olmalıdır. Özəl fondların yaranması vətəndaşların sosial müdafiə fonduna, yoxsa digər özəl fondlara müraciət edəcəklərinə qərar verməsində, seçim etməsində mühüm rol oynaya bilər”.
Qeyd edək ki, pensiya fondları sığortaolunanlara pensiyaya çıxdıqdan sonra gəlir verməklə sosial sığorta təklif edən maliyyə vasitəçiləridir. Çox vaxt onlar ölüm və əlillik müavinətləri də verirlər.
Avropada pensiya fondları da institusional investorlar kimi maliyyə bazarlarında rol oynayır. Bu səbəblərə görə, ECB pensiya fondlarının balans hesabatları və fondların üzvləri haqqında statistik məlumatlar toplayır. Bu, ECB-yə maliyyə sistemini və ev təsərrüfatlarının sərvətini təhlil etməyə kömək edir.
Dövlət pensiya fondu dövlət sektoru qanunvericiliyi ilə, özəl pensiya fondu isə özəl sektor qanunu ilə tənzimlənən bir fonddur.
Bəzi ölkələrdə dövlət və ya hökumət pensiya fondları ilə özəl pensiya fondları arasındakı fərqi qiymətləndirmək çətin ola bilər. Digərlərində bu fərq qanunla, idarəetmə və investisiya üçün çox xüsusi tələblərlə kəskin şəkildə həyata keçirilir.
Məsələn, ABŞ-da yerli hökumət orqanları həmin yerlərin mövcud olduğu ştatlar tərəfindən qəbul edilən qanunlara tabedir və bu qanunlara icazə verilən investisiyaların siniflərinin və minimum bələdiyyə öhdəliyinin müəyyən edilməsi kimi müddəalar daxildir.
Dünya üzrə ən böyük pensiya fondu 2,62 trilyon dollarlıq aktivlərə nəzarət edən ABŞ-dakı “Federal Old-age and Survivors Insurance Trust Fund”dur.