Müəllif: Tamara Mustafayeva, Banco.az
Yardım təşkilatı “Oxfam” Davosda keçirilən “Dünya İqtisadi Forumu”nun açılışı ilə eyni vaxtda yayımladığı son hesabatında qlobal sərvət bərabərsizliyinin son illərin ən yüksək səviyyəsinə çatdığını açıqlayıb
Banco.az xəbər verir ki, hesabata görə, milyarderlərin sərvət artım tempi əvvəlki dövrlə müqayisədə üç dəfə yüksəlib.
“Oxfam”ın məlumatlarına əsasən, dünya üzrə milyarderlərin ümumi sərvəti 2025-ci ildə 16 faiz artaraq 18,3 trilyon ABŞ dollarına çatıb. Eyni il ərzində milyarderlərin sayı ilk dəfə 3 000 həddini keçərək tarixi rekord səviyyəyə yüksəlib.
Hesabatda “Tesla” və “SpaceX”in baş icraçı direktoru İlon Maskın xalis sərvətinin 500 milyard ABŞ dollarını keçən ilk şəxs olduğu qeyd olunub.
Hesabata görə, milyarderlərin təkcə son bir il ərzində sərvətlərinə əlavə etdikləri 2,5 trilyon ABŞ dolları dünyadakı ən yoxsul 4,1 milyard insanın ümumi varlığına bərabərdir. Bu artımın dünya əhalisinin təxminən yarısının yoxsulluq şəraitində yaşadığı və hər dörd nəfərdən birinin müntəzəm qidalanmaya çıxışda çətinlik çəkdiyi bir dövrdə baş verdiyi vurğulanıb.
“Oxfam” artan sərvət konsentrasiyasının siyasi nüfuzun dar bir qrupun əlində cəmlənməsinə səbəb olduğuna diqqət çəkib. Hesabatda milyarderlərin siyasi vəzifə tutmaq və ya birbaşa siyasi qərarvermə proseslərinə təsir göstərmək ehtimalının adi vətəndaşlarla müqayisədə 4 000 dəfə daha yüksək olduğu bildirilib.
Hesabatda həmçinin ultra zənginlərin media üzərində təsirinin artdığı qeyd olunub. Ceff Bezos, İlon Mask, Patrik Sun-Şionq və Vinsent Bollore kimi milyarderlərin investisiyaları nəticəsində dünyadakı iri media şirkətlərinin yarıdan çoxunun milyarderlərin nəzarətinə keçdiyi vurğulanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
