Aqrar Subsidiya Şurasının qərarına əsasən gələn il Mərkəzi Aran və Mil-Muğan iqtisadi rayonlarında intensiv üsulla salınacaq şaftalı, nektarin və ərik bağlarına 4 000 manat əkin subsidiyası veriləcək.
Banco.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Fermerlər intensiv şaftalı, nektarin və ərik bağlarına görə 2024-cü il üzrə qeyd edilən əkin subsidiyasını almaq üçün şərtlər ödəməlidir. Aqrar Subsidiya Şurasının qərarına əsasən subsidiya Ağdaş, Beyləqan, İmişli, Göyçay, Kürdəmir, Yevlax, Sabirabad, Saatlı və Zərdab rayonlarında 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan intensiv şaftalı, nektarin və ərik bağlarına şamil edilir.
Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021/2022-ci il payızlıq əkinlərə görə 159,5 min fermerə ümumilikdə 61,836 milyon manat subsidiya ödəyib. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021/2022 mövsümündə taxıl əkinlərinin hər hektarına görə, fermerlərə 210 manat subsidiya ödənilib. Ödənilən subsidiyalar, təxminən, 300 min hektara yaxın əkin sahəsini əhatə edir.
Azərbaycanda 2020-ci ilin yanvar ayının 1-dən etibarən fermerlərə subsidiyalar yeni qaydalar əsasında verilməyə başlanılıb.2021-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindsən fermerlərə 310 milyon manat məbləğində subsidiya verilib 2020-ci ildə AKİA-nın xətti ilə fermerlərə 277,84 milyon manat məbləğində subsidiya verilib.Beləliklə, 2021-ci ildə Agentliyin xətti ilə verilmiş subsidiyaların həcmi 11,6% artıb. 2020-ci illə müqayisədə 2021-ci ildə əkin subsidiyasının məbləği 25.2 mln. manat və ya 10.8% artaraq 258.6 mln. manata yüksəlib. Hesablama Palatasının məlumatında bildirilir ki, bu dövrdə dövlət dəstəyindən istifadə etmiş fermerlərin sayı 6.6 min vahid azalaraq 402 min 593 nəfərədək enib.Qeyd edək ki, annaloji ilin hesabat dövründə orta hesabla bir fermerə düşən subsidiya məbləği 12.6% artaraq 642.2 manatadək yüksəlib.
2010-2018-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatına ayrılan ümumi vəsaitlərin büdcə xərclərində payı göstəricisi müxtəlif illərdə 2.5-3.2% arasında olub, aqrar sahə üzrə birbaşa subsidiyaların payı isə 0.95%-dən 1.51%-ə dəyişib.
2014-2018-ci illərdə aqrar sahədə məşğul olanların sayı 4.7% artıb, aqrar sahə üzrə muzdlu məşğul olanların ümumi muzdlu məşğulluqda payı isə 2,9%-dən 3,3%-ə yüksəlib. FTMMS hesabatına əsasən, aqrar sahədə ödənişsiz ailə əməyi və ödənişli əmək nisbəti 30:70-dən 45:55-ə dəyişib. Ümumilikdə aqrar sahəyə ayrılan subsidiyaların və güzəştlərin həcmi 2007-2022-ci illər ərzində nominal ifadədə 10 dəfəyə yaxın artaraq 450 milyon manat olub.
Qeyd edək ki, Azərbaycanda gələn il üçün bitkiçilik sahəsi üzrə subsidiyaların məbləği məlum olub.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Aqrar Subsidiya Şurası 2024-cü il üçün bitkiçilik sahəsində subsidiyaların məbləği ilə bağlı qərar qəbul edib və qərara əsasən, baza məbləği 200 manat götürülüb. Baza məbləği deyəndə bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti nəzərdə tutulur.
Subsidiyaların verilməsi 2020-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən (https://www.eagro.az/) həyata keçirilir..
2025-ci il yanvarın 1-dən etibarən isə əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. Bu səbəbdən vətəndaşlar dövlətin yaratdığı imkanlardan faydalanaraq torpaq üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməlidirlər.
Subsidiyalar "Fermer kartı"larına köçürülür. Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər.
Bizi sosial şəbəkələrdən izləyin!!