Süni intellekt biznes mühitində səmərəliliyin artırılmasına və qərarvermə prosesinin təkmilləşdirilməsinə töhfə versə də, onun tətbiqi məsuliyyətli yanaşma tələb edir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Beynəlxalq CEO sammitində (Global CEO Summit 2026) bildirib.
Onun sözlərinə görə, süni intellekt artıq gündəlik iş proseslərinin ayrılmaz hissəsinə çevrilib, şirkətlərə daha operativ və əsaslandırılmış qərarlar qəbul etməyə imkan yaradır: "Bununla belə, texnologiyanın tətbiqi etik prinsiplər və insan amili nəzərə alınmaqla həyata keçirilməlidir. Liderlərin əsas vəzifələrindən biri texnologiyanın düzgün və təhlükəsiz istifadəsini təmin etməkdir. Məlumatların qorunması prioritet olmalıdır. Eyni zamanda, işçi heyəti dəyişən vəzifələrə uyğunlaşmaq üçün dəstəklənməlidir. Süni intellekt insanların rolunu zəiflətməməli, əksinə onların bacarıqlarını gücləndirməlidir. Texnologiya insanı hazırlıqsız şəkildə əvəz etməməli, onu daha məhsuldar və effektiv etməlidir".
